07:23 21 Noyabr 2019
Amsterdam

AVRO-2020 şəhərləri: Amsterdam

© Sputnik / Aleksey Kudenko
XƏBƏRLƏR
Qısa URL
3 0 0

Əbədi bahar, velosipedlər, zanbaqlar və inanılmaz futbol şəhəri - Niderland paytaxtının səyahət bələdçisi

Niderland hər bir təzahürü ilə gözəldir. Paytaxtda bu xüsusilə açıq-aydın hiss olunur. Amsterdam deyəndə ağıla ilk növbədə kanallar, çiçək bazarları, qızğın velosiped hərəkəti, yaradıcılıq və istirahət ab-havası gəlir. Minlərlə turist əsl azadlığı dadmaq və qısa müddətə olsa belə icazə verilən həddən kənara çıxmaq üçün ilin istənilən vaxtında dünyanın dörd bir yanından buraya gəlirlər.

Necə getmək olar?

Sxiphol hava limanından Amsterdamın mərkəzinə qədər olan məsafə cəmi 17 kilometrdir. Bundan başqa, şəhərin əsas hava limanlarının nəqliyyat imkanları ən yüksək səviyyədədir. Əsas terminal binasının düz altında dəmiryol stansiyası yerləşir. Qatarlar gün ərzində buradan paytaxtın mərkəzinə yola düşürlər.

Avtobus isə nəqliyyat vasitəsi kimi elə də rahat variant deyil. Amsterdam küçələrinin əksəriyyəti avtomobil hərəkəti üçün uyğunlaşdırılmayıb. Lakin velosipedçilər üçün “Zanbaqlar Ölkəsi”nin paytaxtı əsl cənnətdir.

Amsterdamda velosiped hərəkəti
© Sputnik / Maksim Blinov
Amsterdamda velosiped hərəkəti

Harada yerləşmək olar?

Amsterdamda turistlərin yerləşməsi ilə bağlı problemlər yaşanmır. Bir çox otel, hostel və şəxsi mənzillər ənənəvi olaraq xidmətlərini ən yüksək səviyyədə şəhərin qonaqlarına təklif edirlər.

Şəhərin “Amsterdam-Zuid” adlı rayonu isə turistlərin yaşaması üçün ən populyar yerlərdən biri olaraq qalır. Burada hər zövqə və büdcəyə uyğun seçim var – hətta ən ucuz otaq ehtiyacınız olan hər şeylə təchiz ediləcək. Ərazidə mənzil kirayələməyin üstünlüyü buradan “AVRO-2020” matçlarına ev sahibliyi edəcək “Johan Cruyff Arena”nın yaxın olması ilə bağlıdır.

sampics
Amsterdamda AVRO-2020-nin talismanının təqdimatı

Nələri görmək lazımdır?

Amsterdam deyəndə ağıla saysız-hesabsız kanalların sahilində sıx bir şəkildə yerləşmiş və əkiz kimi bir-birinə bənzəyən, lakin eyni zamanda hər birinin özünəməxsus xüsusiyyətləri olan ensiz, sanki nağıllardan çıxmış üçbucaq damlı evlər gəlir.

Amsterdamın paytaxt olmasına baxmayaraq, şəhər cazibədarlığını və özünəməxsusluğunu itirməyib. Bu şəhər hər kəs üçündür, hər kəs burada özünə uyğun məşğuliyyət tapa bilər. Şəhərin həm quru, həm də su hissəsi ilə tanışlıq eyni dərəcədə gözəldir. Geniş kanallar şəbəkəsi isə qonaqlara şəhər daxilində sərbəst gəzinti imkanını verir.

Turistlər Amsterdamın mərkəzində kanalda kater gəzintisində
© Sputnik / Maksim Blinov
Turistlər Amsterdamın mərkəzində kanalda kater gəzintisində

Niderlandın xarakterik memarlıq üslubu heç kəsi laqeyd qoymayacaq. Burada geniş xiyabanlara və ya prospektlərə rast gəlməyəcəksiniz – Amsterdamın vizit kartı onun kiçik küçələridir. Buna görə də yerli əhali avtomobillərə deyil, velosipedlərə üstünlük verir, şəhər daxilində velosiped gəzintiləri isə adi piyada ekskursiyalarını əvəz edir.

Şəhərlə tanışlıq ənənəvi olaraq  mərkəzdə yerləşən Damrak küçəsi ilə başlayır. Bu küçə boyu ilə tramvay və ya velosipeddə hərəkət edərək dam meydanına çatmaq mümkündür. Burada Kral sarayı və Madam Tüsso muzeyi yerləşir. Lakin Damrak küçəsində bütün görməli yerləri necə lazımdı nəzərdən keçirmək üçün piyada gəzmək lazımdır.

Amsterdam muzeylər şəhəridir. Bir çoxunun interaktiv olduğu bu muzeylərdə gəzmək və ekspozisiyalarla tanış olmaq böyük maraq yaradır. Burada Van Qoq Muzeyini və Rembrandtın ev muzeyini, gəmiçilik və kanallar muzeyini, pivə muzeyini və ənənəvi memarlıq muzeyini ziyarət edə bilərsiniz. Şəhər həmçinin çox sayda sərgilərə, konsertlərə və teatr tamaşalarına ev sahibliyi edir.

Amsterdam Dövlət Muzeyinin qarşısında fontan
© Sputnik / Maksim Blinov
Amsterdam Dövlət Muzeyinin qarşısında fontan

Bundan başqa, Amsterdamın məşhur bit bazarlarını görmək məsləhətdir. Onlardan biri həqiqətən də unikal əşyalar tapa biləcəyiniz “Qərb bazarı”dır. Şəhərin köhnə hissəsində, Dam meydanının yaxınlığında yerləşən Singel kanalında üzən çiçək bazarına da baş çəkə bilərsiniz. Niderland zanbaqlarının soğanaqları ailəniz və dostlarınız üçün əla suvenir olacaq!

Şəhərin gənc qonaqlarına isə 6000-dən çox heyvanın saxlanıldığı şəhər zooparkına baş çəkmək məsləhət görülür. Bu zooparkın ərazisində planetarium, zooloji muzey, böyük akvarium və s. var.

Amsterdamda həmçinin dünyanın ən qədim botanika bağlarından biri yerləşir. Bu botanika bağı sizi kolleksiyasında olan çox sayda müxtəlif bitkilərlə qarşılayacaq.

Amsterdam küçələrinin birində suvenir mağazası
© Sputnik / Aleksandr Vilf
Amsterdam küçələrinin birində suvenir mağazası

Nəyi dadmaq olar?

Niderland dünyanın ən böyük pendir ixracatçılarından biridir. Amsterdam qonaqlarına müxtəlif növ pendirləri dadmaq və istədikləri pendir növünü seçmək imkanını verir. Şəhərin mərkəzində yerləşən pendir muzeyi və mağazasında isə dequstasiyalar keçirilir.

Niderland mətbəxi dəniz məhsulları ilə zəngindir. Bunlardan ən məşhuru isə siyənək balığıdır. Yerli əhali bu balığı soğan və xiyardan hazırlanmış qarnirlə və ya “hot-doq” kimi bulkanın içində yeyir. Lakin restoranlarda siyənək satılmır – onun dadına baxmaq üçün küçə pavilyonlarına baş çəkmək lazımdır.

Amsterdam küçələrinin birində kafe
© Sputnik / Aleksandr Vilf
Amsterdam küçələrinin birində kafe

Ət həvəskarlarına isə qaynar yağda qızardılmış “bitterballen” adlı ət küftələrinin dadına baxmaq məsləhət görülür. Xırçıldayan xarici təbəqəsi olan bu küftələrin içərisində mal əti, bulyon, yağ və ədviyyat qarışığından ibarət yumşaq içlik olur.

Məşhur holland vafliləri Niderlandın daha bir qastronomik sərvətidir. Xəmirdən hazırlanmış bu vaflilərin daxilinə şirin şərbət içliyi qoyulur. Amsterdamda məhz vafli üzrə ixtisaslaşmış bir çox kafe var.

Futbol

Amsterdam deyəndə ağıla həmçinin “Ayaks” və Yohan Kroyf gəlir. Paytaxt klubu “Ayaks” bu yaxınlarda Çempionlar Liqasında Madridin “Real” klubunu darmadağın edib, Turinin “Yuventus” komandasını məğlubiyyətə uğradıb və finala çıxmaq üçün Londonun “Tottenhem” klubu ilə başa-baş mübarizə aparıb. İndi isə şəhər “AVRO-2020”nin həyəcanı ilə yaşayır.

Hollandiya millisinin futbolçuları
© Sputnik / Mihail Kireev
Hollandiya millisinin futbolçuları

2018/19 mövsümündən etibarən “Ayaks”ın ev stadionu XX əsrin ən böyük futbolçularından və məşqçilərindən biri Yohan Kroyfun şərəfinə “Johan Cruyff Arena” adlandırılır. 55 minə yaxın tamaşaçı tutumuna malik bu stadion gələn ilin iyununda Avropa çempionatının qrup mərhələsinin üç oyununa və turnirin 1/8 final mərhələsi matçına ev sahibliyi edəcək.