07:33 21 Noyabr 2019
Qlazqo şəhərinin küçələrindən biri

AVRO-2020 şəhərləri: Qlazqo

© Sputnik / Vladimir Astapkovich
XƏBƏRLƏR
Qısa URL
1 0 0

Sarmaşıq basmış qədim tikililərin və ultramüasir binaların şəhəri - Şotlandiyanın ən böyük şəhərinin səyahət bələdçisi

Özünüzü zaman səyahətçisi kimi hiss etmək istəyirsinizsə Qlazqonu ziyarət etməyə dəyər. Gənc ruhu olan qədim şəhər - buraya ilk dəfə gələnlərin çoxu Qlazqonu belə xarakterizə edirlər. Divarları sarmaşıqla örtülmüş qədim tikililər və pəncərələrində çoxsaylı parkların yaşıllığı əks olunan ultramüasir binalar burada ahəngdar şəkildə bir-birini tamamlayırlar.

Oraya necə getmək olar?

Qlazqonun beynəlxalq aeroportu Şotlandiyada ən böyük hava limanıdır.

© Sputnik / Vladimir Astapkovich
Qlazqo küçələrində ikimərtəbəli avtobus

Hava limanı şəhərdən 13 kilometr aralıda yerləşir. Sizi şəhər mərkəzinə aparacaq ictimai nəqliyyatın yeganə forması avtobusdur. Avtobus gəzintisi təxminən 8 funta başa gələcək. Bileti daşıyıcının saytında və ya sürücüdən nağd və ya kredit kartı ilə ödəməklə əldə edilə bilərsiniz. Taksi ilə gəzinti 3-4 qat baha başa gələcək.

Harada yerləşmək olar?

Avropanın hər bir böyük şəhərində olduğu kimi, Qlazqoda da mənzil tapmaq çətin deyil. Burada standart qaydalar mövcuddur - mərkəzdə bahalı otellər var, müəyyən aralı məsafədə isə daha ucuz variantlar tapa bilərsiniz.

© Sputnik / Vladimir Astapkovich
Qlazqoda Tolbut saat qülləsi

Şəhərin ən canlı rayonu “Uest End” adlanır. Qlazqo üzrə ən böyük otel seçimi buradadır. Barların və restoranların yaxınlığında yerləşən otellər də şəhərdə çox populyardır.

Nəyi görmək lazımdır?

Şəhərin tarixi görünüşünü Viktoriya dövründə və bir qədər əvvəl tikilmiş binalar, sayı 50-dən çox olan yaşıl parklar və Klayd çayı üzərindəki körpülər təşkil edir. Qlazqoda orta əsrlərə aid az memarlıq abidəsi qalıb, buna görə də şəhər rəhbərliyi onların hamısını diqqətlə qoruyur.

Qlazqonun mərkəzi meydanı Kral III Georqun şərəfinə “Corc-skver” adlanır. 

© Depositphotos / claudiodivizia
Qlazqo

Burada şəhər məclisi binası və görkəmli şotlandların abidələri, habelə kraliça Viktoriya və şahzadə Albertin heykəlləri var. Yaxınlıqda orta əsrlərdən qalan azsaylı binalardan biri olan kilsə yerləşir.

“Uest-End”dəki Kelvinqrouv rəsm qalereyası binası özü bir sənət əsəridir. Binada Van Qoq, Rembrandt, Pikasso, Dali, Rubens, Tisian və bir çox məşhur rəssamın rəsm əsrləri var. Burada silah və zireh kolleksiyasını, paleontoloji sərgini və Qədim Misir sənət əşyaları kolleksiyasını görə bilərsiniz.

© Depositphotos / Malgorzata Larys
Qlazqo

Burada botanika bağı olan Viktoriya dövrünə məxsus geniş parkda gəzintiyə çıxa, sonra isə ölkənin ən qədim təhsil ocaqlarından biri olan Qlazqo Universitetinin yerləşdiyi qədim binalar kompleksinə gedə bilərsiniz. Auditoriyalar keçmiş kilsənin binasında qurulub. Binanın daxili təhsil müəssisəsindən daha çox kral sarayını xartladır.

Qlazqonun ən məşhur və ən çox ziyarət edilən parkları “Pollok”, “Tolkros”, “Qlasqou qrin”, “Hoqqanfild” parklarıdır. Burada velosiped sürmək, suyun kənarında oturmaq, qolf oynamaq və ya ev heyvanlarını yedizdirmək olar. Uşaqlar xüsusilə “Tolkros” parkındakı fermanı çox sevirlər. “Trossaxs” milli parkı və “Lox lomond” gölü şəhərdən bir saatlıq məsafədə yerləşirlər.

Turistlərə Klayd çayı boyunca su ekskursiyaları da təklif olunur. Bu çay üzərindən təxminən 20 körpü keçir. Onların arasında çox qeyri-adi olanları da var. “Riversayd” muzeyini və XIX əsrin sonlarında inşa edilmiş yelkənli gəminin nümayiş edildiyi Dəniz muzeyini ziyarət etmək də maraqlı olacaq.

Şəhərin yaxınlığında orta əsrlərə aid bir neçə qala var. Bunlardan “Botvel” qalası ən yaxşı qorunub saxlanılıb. Qala XIII əsrdə Klayd çayının sahilindəki təpədə tikilib. 500 ildən sonra bina tərk edilsə də, burada hələ də o dövrlərin ruhunu hiss edə bilərsiniz.

Nəyi dadmaq olar?

Dadlı yemək sevənlər Qlazqoda hər zövqə uyğun təam tapacaqlar. Yerli mətbəx haggis adlı yemək ilə təmsil olunur. Onun hazırlanması olduqca qeyri-adidir, lakin bu yeməyi dadmağa cürət edənlər onun özünəməxsus dadını qeyd edirlər.

Ət Şotlandiya mətbəxinin əsasını təşkil edir, buna görə demək olar ki, hər bir pabda və ya kiçik restoranda qonaqlara mal ətindən müxtəlif yeməklər təklif ediləcək. Bu qəlyanaltılar, hər növ sendviçlər, sosiskalar və məşhur “qara pudinq” adlı qanlı kolbasa ola bilər.

Yerli əhali arasında “fiş ənd çips” (qızardılmış balıq və fri kartofu) məşhurdur. Bu yeməyi yalnız yerli restoranlarda deyil, həm də şəhərdə gəzintilər  zamanı küçə ticarəti yerlərində də dadmaq olar.

Futbol

Qlazqo dünyanın ən prinsipial derbilərindən biri olan "Seltik-Reyncers" matçları ilə məşhurdur. Burada 1872-ci ildə Şotlandiya və İngiltərə (0-0) milli komandaların ilk oyunu baş tutub.

© Sputnik / Ramil Sitdikov
“Hampden Park” stadionu

Futbol burada iki sima - "Kral Kenni" ləqəbli Kenni Dalqliş və Britaniya futbol tarixinin ən titullu məşqçisi olan ser Aleks Ferguson ilə əlaqələndirilir. Onların hər ikisi qlazqoludurlar.

“AVRO-2020”nin qrup mərhələsinin üç oyununa və 1/8 final matçına ev sahibliyi edəcək “Hampden Park” stadionunda Şotlandiya futbol muzeyi fəaliyyət göstərir.