07:24 21 Noyabr 2019
Roma kolizeyi

AVRO-2020 şəhərləri: Roma

© Sputnik / Natalya Seliverstova
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Gözəlliyin, modanın, pitsanın və Françesko Tottinin “Əbədi şəhər”i - İtaliya paytaxtının səyahət bələdçisi

Məlumdur ki, bütün yollar Romaya aparır. “Əbədi şəhər”in hər bir guşəsində tarixin izləri var. Burada Roma İmperiyasının yaranmasına, çiçəklənməsinə və süqutuna dair bir çox dəlil var. Yaşı 2000 ildən çox olan qədim tikililər ultramüasir binalarla yan-yana yaşayırlar. Bu təəccüblü ahəngdar uyğunlaşma əsrlərin dərinliklərinə göz atmağa imkan verir.

Necə getmək olar?

İtaliya paytaxtında qonaqları iki hava limanı qarşılayır - Leonardo da Vinçi hava limanı kimi tanınan Fyumiçino və Çampino hava limanı. Fyumiçino şəhər mərkəzindən 30 kilometr məsafədə, Tirren dənizinin sahilində yerləşir. Çampino isə daha yaxındır.

Fyumiçinodan şəhərə çatmaq üçün Roma və hava limanı arasında müntəzəm olaraq hərəkət edən ekspres qatarı və ya elektrik qatarından istifadə edə bilərsiniz. Ekspress qatarda gediş baha başa gələcək və bilet (elektrik qatarının bileti kimi) xüsusi maşında möhürlənməlidir.

Romada Leonardo da Vinçi adına (Fyumiçino) hava limanı
© Sputnik / Natalya Seliverstova
Romada Leonardo da Vinçi adına (Fyumiçino) hava limanı

Hava limanından şəhərə səyahət ucuz başa gəlsin deyə avtobusu seçin. Lakin avtobusla səyahət təxminən bir saat çəkir. Biletinizi əvvəlcədən internetdən sifariş etsəniz bir az qənaət edə də bilərsiniz.

Romada ictimai nəqliyyat avtobuslar, tramvaylar və metro ilə təmsil olunur. Bütün nəqliyyat növləri üçün dayanacaqlarda, qəzet köşklərində və ya vağzallardakı xüsusi maşınlardan əldə edə biləcəyiniz vahid biletlərdən istifadə edilir. Təcrübəli səyahətçilər bu maşınların “şıltaq” olduğunu və pulun qalığını verməyi “unuda biləcəyinə” dair xəbərdar edirlər. Buna görə də bu maşınlardan istifadə edərkən kiçik əsginaslarla ödəniş edin.

Metroya girmədən əvvəl, eləcə də yerüstü nəqliyyata minərkən biletlər möhürlənməlidir. Romada biletsiz gediş üçün cərimələr 500 avroya çata bilər. Buna görə də, maşın biletə möhür vurmayıbsa nəqliyyata minmə vaxtını özünüz yazsanız yaxşı olar.

Roma metrosu
© Sputnik / Natalya Seliverstova
Roma metrosu

Harada yerləşmək olar?

Dünya Turizm Təşkilatının hesablamalarına görə, İtaliya dünyanın ən çox ziyarət edilən 5 ölkəsindən biridir. Buna görə də burada qonaqları çox yaxşı qəbul etməyi öyrəniblər. Romada beş ulduzlu və ya daha sadə lakin ehtiyacınız olan hər şeylə təmin olunmuş otellər tapa bilərsiniz.

Mənzil kirayəsinə ciddi yanaşıb əvvəlcədən axtarışa başlasanız, şəhərin mərkəzində Forum və ya Kolizeyin yaxınlığında çox münasib qiymətə gözəl bir qonaq evi tapa bilərsiniz. Xüsusi icarə xidmətlərində isə çox sayda ev təklifi tapa bilərsiniz.

Roma küçələrinin birində
© Sputnik / Natalya Seliverstova
Roma küçələrinin birində

Nəyi görmək lazımdır?

İtaliya paytaxtının əsas görməli yerlərinin siyahısı bir neçə səhifə tutacaq, buna görə də onlardan yalnız bəzilərinə diqqət yetirəcəyik.

Tarixin nəfəsini burada hər yerdə hiss edə bilərsiniz, ancaq Romanın atmosferini hiss etmək üçün Kolizeyə baş çəkmək lazımdır. Böyük amfiteatr, teatr tamaşaları və qladiator döyüşlərinin yeri, Roma imperiyasının gücünün simvolu.

Roma Kolizeyi
© Sputnik / Sergey Mamontov
Roma Kolizeyi

“Piazza della rotonda” meydanında xristianlıqdan əvvəlki dövr memarlığının yaxşı qalmış nümunəsi –“bütün tanrıların məbədi” olan panteon yerləşir. Bina o qədər dəqiq layihələndirilib ki, qübbənin diametri və onun zirvəsindən döşəməyə qədər olan məsafə santimetrinə qədər uyğun gəlir! Panteonda pəncərə yoxdur, işıq günbəzin mərkəzindəki doqquz metrlik dəlikdən daxil olur.

Vatikandakı Müqəddəs Pyotr bazilikası dünyada ən böyük xristian kilsəsidir. Bu inanılmaz tikilinin yaradılmasında İtaliyanın ən böyük sənətkarları - Mikelancelo, Rafael, Bernini və başqaları iştirak ediblər. Tikintisi 120 il davam etmiş kilsə hər bazar günorta saatlarında dua etmək və insanlara xeyir-dua vermək üçün meydanda toplaşan dindarların qarşısına çıxan Papanın iqamətgahı kimi xidmət edir.

  • Vatikanda Müqəddəs Pyotr bazilikası
    Vatikanda Müqəddəs Pyotr bazilikası
    © Sputnik / Natalya Seliverstova
  • Vatikanda Müqəddəs Pyotr bazilikasının günbəzi
    Vatikanda Müqəddəs Pyotr bazilikasının günbəzi
    © Sputnik / Natalya Seliverstova
  • Vatikanda Müqəddəs Pyotr meydanında fontan
    Vatikanda Müqəddəs Pyotr meydanında fontan
    © Sputnik / Natalya Seliverstova
  • Vatikanda Müqəddəs Pyotr bazilikasının günbəzi
    Vatikanda Müqəddəs Pyotr bazilikasının günbəzi
    © Sputnik / Natalya Seliverstova
  • Vatikanda Müqəddəs Pyotr bazilikası
    Vatikanda Müqəddəs Pyotr bazilikası
    © Sputnik / Natalya Seliverstova
  • Vatikanda Müqəddəs Pyotr bazilikasına girişdə isveçrəli qvardiyaçılar
    Vatikanda Müqəddəs Pyotr bazilikasına girişdə isveçrəli qvardiyaçılar
    © Sputnik / Sergey Mamontov
1 / 6
© Sputnik / Natalya Seliverstova
Vatikanda Müqəddəs Pyotr bazilikası

Bazilikanın günbəzinin hündürlüyü 136,5 metrdir. Bura gələnlər şəhərin bütün mənzərələrini görməyə imkan verən günbəzə çıxa bilərlər. Bura selfi üçün mükəmməl yerdir!

Vatikanda 54 zaldan ibarət muzeylər kompleksi var. Onların sırasında sənət qalereyalarının, heykəltəraşlıq muzeylərinin, tarix muzeyinin, sikstin kapellasının, vatikan kitabxanasının adını çəkmək olar. Muzeylərə gələnlər müxtəlif dövrlərin ən böyük sənət əsərlərini və kolleksiyanın əsas incisi olan Mikelancelo Buonarrotinin "Son hökm" freskasını görə biləcəklər.

Panteonun yaxınlığında “Piazza Navona” meydanı yerləşir. Romanın ən çox ziyarət edilən guşələrindən biri olan bu meydan saraylar və kilsələrlə əhatə olunub. Bunların arasında ansamblın mərkəzi hissəsini tutan Müqəddəs Aqnesin möhtəşəm bazilikası da var. “Piazza Navona”da 3 fəvvarə var - mərkəzi fəvvarə Misir obeliski ilə bəzədilib. Yeri gəlmişkən, yolunuzu Panteondan “Via deli Staderari” küçəsi boyunca “Piazza Navona”ya salsanız, suyu içməli olan “Kitablar Fəvvarəsi”ni görə bilərsiniz.

Panteondan şərqdə isə Romanın ən böyük fəvvarəsi – “Palazzo Poli” sarayının fasadına bitişik Trevi fəvvarəsini tapacaqsınız. Hər iki memarlıq abidəsi vahid bir bütöv olaraq qəbul edilir, buna görə də fəvvarə daha da gözəl görünür. İnanca görə, Trevi fəvvarəsinə sikkə atan hər bir şəxs yenidən Romaya qayıdacaq. Bu əfsanə sayəsində 2016-cı ildə şəhər rəhbərliyi fəvvarədən 1,4 milyon avro çıxarıb.

Romada Trevi fontanı
© Sputnik / Dzhuzeppe Maffia
Romada Trevi fontanı

“İspan meydanı”nı Pinço təpəsinin zirvəsi ilə birləşdirən “İspan pilləkəni” Avropanın ən gözəl belə tikilisi olaraq tanınır. Onun ayağında “Fontana della Barcaccia” fəvvarəsi, üst tərəfində isə “Trinita dei Monti” kilsəsi yerləşir. Kilsənin iki zəng qülləsi saatlarla bəzənib: solda ənənəvi saat, sağda isə günəş saatı ilə. Kilsənin içərisində Daniele da Volterranın “Xaçdan enmə” heykəlini görmək olar. Bu heykəli Volterranın ən yaxşı əsəri adlandırılır. 

Nəyi dadmaq olar?

İtaliyada kulinariya sənət yox, milli bir ideyadır. İtalyan mətbəxinin dünyanın ən məşhur mətbəxləri siyahısında olması heç də təsadüfi deyil. Romada hər yerdə restoran, kafe və bistrolar tapa bilərsiniz və hər yerdə aşpazlar xidmət keyfiyyəti və orijinallıq baxımından bir-birilərini üstələməyə çalışırlar.

Ümumiyyətlə, Neapolu pitsanın vətəni hesab edirlər, lakin Romada da bu ənənəvi italyan yeməyini dadmaq olar.

Pizzanın hazırlanması
© Sputnik / Vladimir Vyatkin
Pizzanın hazırlanması

Pitsanın Roma versiyasının fərqli bir xüsusiyyəti onun çox nazik və xırtıldayan xəmirdir. Pitsa hazırlanan müəssisələr kimi, pitsa seçimi də çoxdur.

Lakin mağaza lövhəsinin rəngarəngliyi və gözə çarpan olması pitsanın son dərəcə dadlı olacağına zəmanət vermir. Küçə yeməklərinə gəldikdə isə növbənin uzunluğuna diqqət yetirmək daha yaxşıdır - növbədə nə qədər çox insan varsa, həqiqi şah əsərini dadmaq şansınız daha yüksək olacaq.

Pasta İtaliyada ikinci ən məşhur yemək olaraq qalır. Ancaq onun haqqında bir az sonra danışacağıq. İndi isə italyan mətbəxində çox sayda olan “antipasti”, yəni qəlyanaltılar üzərində dayanacağıq. Romada demək olar ki, istənilən müəssisədə qonaqlara brusketta – üzərinə sarımsaq və zeytun yağı vurulmuş, pomidorla bəzədilmiş təzə çörək tostları təklif ediləcək.

Ənənəvi kapreze salatı hər bir qurman üçün tanışdır. Amma İtaliyada bu salat, əlbəttə ki, xüsusi ləzzət verəcək. Bəzi restoranlarda kapreze üçün mozzarella pendiri kəsilmiş halda, digərlərində isə qonağın özünü italyan restoranının aşpazı kimi hiss edə bilməsi üçün pendiri kəsilməmiş halda təqdim edirlər. 

İtaliyada ət dükanı
© Sputnik / Sergey Mamontov
İtaliyada ət dükanı

 

İtalyan qəlyanaltılarının ən populyar növlərindən biri də proşutto adlı qurudulmuş vetçinadır. Proşutto müxtəlif inqrediyentlərlə təqdim olunur və hətta pizzanın üzərinə də qoyula bilər. Burada fantaziya heç bir şeylə məhdudlaşmır - proşuttonu pendir, meyvə, qovun, zeytun və ya çörək çubuqları ilə yeyə bilərsiniz.

Qəlyanaltılardan sonra birinci yeməklərə, yəni pastaya keçə bilərsiniz. Bəli, bəli, İtaliyada əsas yeməkdən əvvəl pastanı yeyirlər! Pastanın çox sayda növü - hamıya məlum olan spagetti və düşbərəyə bənzər raviolidən tutmuş, xüsusilə də romalılar tərəfindən sevilən fettuçini və təxminən iki yüzdən çox adda digər növləri var. Pastanın içlik və souslarla bütün mövcud kombinasiyalarını çətin ki, kimsə saya bilib. İtaliyaların ən sevimli yeməyini təsvir etməyin mənası yoxdur – onu dadmaq lazımdır.

Lazanya da pastanın bir növüdür. Bişmiş qiymə, pendir və tərəvəz raqusundan hazırlanan bu yemək lazanya al forno adlanır. Düzgün bişirilmiş və ədviyyatlı lazanya hətta ən tələbkar qonaqlara əsl qastronomik zövq verəcək.

Qatı minestrone şorbası tərəvəz və pastadan hazırlanır və bu yeməyin yeganə bir resepti yoxdur, çünki onu hazırlamaq üçün mövsümi tərəvəzlər tez-tez istifadə olunur. Bəzən minestroneyə ət və ya ət bulyonu əlavə edilir.

Roma küçələrinin birində kafe
© Sputnik / Sergey Mamontov
Roma küçələrinin birində kafe

Rizottonun da tək bir resepti yoxdur - seçiminizə görə yeməyi zeytun və ya kərə yağında qızardılmış müxtəlif düyü növlərindən hazırlamaq olar. Rizottoda bulyon və ya su, ət, dəniz məhsulları, tərəvəz, göbələk və ya onların qarışığı istifadə edilir. Rizottonun yeknəsəq qatılığı və xüsusi qaymaqlı konsistensiyası olmalıdır.

Roma mətbəxinin tipik nümayəndəsi saltimobokka adlı yeməkdir. Saltimobokka hərfi tərcümədə “ağıza atla” mənasını verir. Bu yemək şərabda marinad edilmiş və yaxşıca döyülmüş dana ətindən (bəzən donuz və ya toyuq ətindən) hazırlanan nazik şnitseldir. Onun üzərinə proşutto və adaçayı yarpaqları qoyulur. Bəzi reseptlərdə isə saltimbokka rulet şəklində yuvarlanır, sonra yağda qızardılır və müəyyən miqdarda marsala ilə bişirilir.

Burada yerli sakinlərin abbakio skottadito adlandırdığı qrildə bişmiş quzu da çox populyardır. Bu yeməyin tərkibinə qrildə bişirilmiş və ya təzə tərəvəzlər, bişmiş kartof, müxtəlif souslar daxil ola bilər.

İtaliya şirniyyat həvəskarları üçün cənnətdir və Roma da istisna deyil. İsti cənub günəşi altında gəzərkən celateriyaları yan keçmək olmaz. Burada dünyanın hər bir yerində tanınan onlarla növ celato - italyan dondurması satılır. İtaliyada xüsusi celato bişirmə texnologiyası hazırlanıb ki, bu da unikal bir konsistensiyaya nail olmağa imkan verir. Celatoya dadı və ətri yalnız meyvə, giləmeyvə, şokolad, vanil və s. hazırlanan təbii qatqılar verir.

Romada Panteon yaxınlığında kafe
© Sputnik / Sergey Mamontov
Romada Panteon yaxınlığında kafe

Yerli meyvələr, yeri gəlmişkən, inanılmaz dərəcədə dadlı olmaqla yanaşı, həm də çox faydalıdırlar. İyunda yetişmiş qarpız dada bilərsiniz. Onun dadı ölçüsündən asılı olmayacaq. Yayın əvvəlində bazarlarda şirəli şaftalı və nektarinlər satılır, ekzotik meyvələrdən isə fito-d’indiya adlandırılan opunsiya kaktusunun meyvələrini ala bilərsiniz.

Futbol

İtaliyanın paytaxtında futbol, ilk növbədə, “Roma” və “Latsio” arasındakı derbi ilə təmsil olunur. Karyerası boyu bir kluba sadiq qalmış, “Roma”nın əfsanəvi kapitanı Françesko Totti “Əbədi şəhər”də futbolun əsas simasıdır.

Azarkeşlərin “Roma İmperatoru” adlandırdığı Totti oynadığı matçların sayına (29) və vurulan qolların sayına (11) görə derbinin rekordçusudur.

1928-ci ildə inşa edilmiş  “Stadio Olimpico” stadionu həm “Roma”, həm də “Latsio”nun ev stadionudur. Burada AVRO-2020-nin açılış matçı, iki qrup mərhələsi görüşü və dörddəbir finalın görüşlərindən biri keçiriləcək.

Françesko Totti
© Sputnik / Vladimir Astapkovich
Françesko Totti