08:05 13 Dekabr 2019
Külək elektrik stansiyaları

AVRO-2020-nin ətraf mühit proqramı: bilməli olduqlarımız

© Sputnik / Aleksandr Vilf
XƏBƏRLƏR
Qısa URL
20 0 0

Turnir zamanı azarkeşlər və iştirakçılar aktiv şəkildə bir ölkədən digərinə hərəkət edəcəklər ki, bu da ilk növbədə atmosferə karbon tullantılarının artması deməkdir

Avropa futbol çempionatlarının tarixində ən böyük turnir olan AVRO-2020-nin təşkili çətin bir işdir. Belə ki, turnir ilk dəfə olaraq fərqli dilləri, sərhədləri və vaxt zonaları olan böyük bir ərazidə yerləşən 12 ölkədə eyni anda keçiriləcək.

Turnir zamanı azarkeşlər və iştirakçılar aktiv şəkildə bir ölkədən digərinə hərəkət edəcəklər ki, bu da ilk növbədə uçuşların çox olması səbəbindən atmosferə karbon tullantılarının artması deməkdir. Buna görə də, UEFA istixana qazı tullantılarının azaldılması layihələri ilə məşğul olan "South Pole Group" beynəlxalq şirkətlər qrupu ilə birlikdə təqribən 405 min ton karbon tullantılarının kompensasiyasını həyata keçirəcək. Ətraf mühit mütəxəssislərinin hesablamalarına görə, AVRO-2020 atmosferə məhz 405 min ton tullantının buraxılmasına səbəb olacaq.

UEFA Prezidenti Aleksander Çeferin bununla bağlı deyib: "AVRO-2020 Avropa futbolunun bayramıdır. Onun əvvəlki bütün turnirlərdən fərqlənməsi ona bir sıra üstünlüklər verir. Qarşılaşmalar Avropanın müxtəlif yerlərində keçiriləcək. Lakin bu elə bir şəkildə baş tutacaq ki, AVRO üçün xüsusi olaraq çox sayda stadion və infrastruktur obyektlərinin inşasına ehtiyac olmasın. Bu o deməkdir ki, vacib ehtiyatlara qənaət ediləcək və ətraf mühitə vurulan zərər azaldılacaq. Lakin itkilər də olacaq: azarkeşlər komandalarının oyununu görmək üçün uzun məsafələr qət etməli olacaqlar. UEFA buna çox ciddi yanaşır. Ətraf mühitə dəyən ziyanı kompensasiya etməyi özümüzə borc hesab edirik və buna görə də "South Pole" ilə birlikdə bütün planetə fayda vermək məqsədilə zərərli tullantıların azaldılmasının Qızıl standartına uyğun olaraq müxtəlif bölgələrdə atmosferə karbon tullantılarının azaldılması üçün bir sıra təşəbbüsləri dəstəkləyəcəyik".

© Powered by UEFA.com. / South Pole Group
Ruandada uşaqlar yemək bişirmək üçün odun yığırlar

Bu məqsədlə UEFA tullantıların azaldılması təşəbbüslərində "South Pole" şirkətlər qrupuna dəstək göstərəcək. Beləliklə, Ruandada daha ekoloji təmiz sobaların tətbiqi üçün layihənin maliyyələşdirilməsinə vəsait ayrılacaq. Nəticədə, bu Afrika ölkəsində kömür və ağac yandırılması, eləcə də metan tullantıları əhəmiyyətli dərəcədə azalacaq. Bu ilk baxışdan görünə biləcəyindən daha vacibdir. Atmosferdə sərhədlər yoxdur və qlobal istiləşmə Yer kürəsinin bütün əhalisi üçün ümumi bir problemdir. İqtisadiyyatı az inkişaf etmiş ölkələr üçün isə kənardan kömək olmadan ətraf mühitə zərərli təsirləri azaltmaq daha çətindir.

"İldən-ilə idman sənayesinin və idman təşkilatlarının iqlim dəyişikliyinə qarşı mübarizədə rolu artır. Ətraf mühitə mənfi təsirləri azaltmağa kömək etmək istəyən bütün təşkilatlar istixana qazı tullantılarını ölçməli, bütün prosesləri optimallaşdırmalı, təmiz enerji mənbələrinə keçməli və qaçılmaz tullantıları kompensasiya etməlidirlər. UEFA-nın bu təşəbbüsü tam dəstəkləməsindən məmnunuq və AVRO-2020-nin karbon tullantılarını kompensasiya etməyə yönəlmiş ünvanlı yardımı yüksək qiymətləndiririk", -"South Pole"un ticarət üzrə direktoru Nataliya Qorina deyib.

UEFA bir çox digər ekoloji layihələrdə iştirak edir. Bura Yeni Kaledoniyada külək enerjisi stansiyalarının tikilməsi və ətraf mühitin qorunması üzrə Paris sazişini həyata keçirmək üçün ekoloji savadlılığı artırmağa yönəlmiş "İqlim naminə idman" adlı çərçivə sazişi də daxildir. AVRO-nun 60 illik yubileyi şərəfinə, 12 ev sahibi şəhərdə (https://euro2020.sputnik.az/euro2020-news/20190924/421981944/UEFA-AVRO-2020-nin-12-teskilatci-olkesinde-600-min-agac-ekecek.html) 600 min ağac əkiləcək ki, bu da turnirlə bağlı gözəl xatirələr qoymaqla yanaşı, həm də atmosferdəki karbon qazını təxminən 280 min ton həcmində azaldacaq.