06:21 11 Dekabr 2019
Qaret Beyl

Qaret Beylə AVRO-2020 zamanı qolf oynamaq qadağan edilib

© REUTERS / REBECCA NADEN
XƏBƏRLƏR
Qısa URL
2910

Uels millisinin baş məşqçisi Rayan Giqqz ümid edir ki, Bakının da ev sahibliyi edəcəyi AVRO-2020 zamanı yetirmələri diqqətlərini yalnız futbola yönəldəcəklər

BAKI, 3 dekabr — Sputnik. Futbol üzrə Uels millisinin baş məşqçisi Rayan Giqqz komandanın lideri və Madrid "Real"ının yarımmüdafiəçisi Qaret Beylə AVRO-2020-nin final mərhələsi zamanı Azərbaycanın paytaxtı Bakıda qolf oynamağı qadağan edib.

© Powered by UEFA.com. ©AFP/Getty Images

Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "The Times" nəşri yayıb. Xatırladaq ki, AVRO-2020-nin final mərhələsinin dörd oyunu Bakıda keçiriləcək.

Giqqz hesab edir ki, Beylin qolf həvəsi onun yenidən əzələ travması almasına səbəb ola bilər və istəyir ki, oyunçu diqqətini tam olaraq AVRO-da cəmləşdirsin.

"Məşqçi açıq-aydın bildirib ki, AVRO-2020 zamanı bazada olan futbolçuların diqqəti tam olaraq futbola yönəlməlidir. Mümkün baza yerlərini nəzərdən keçirərkən siyahımda qolf olmayacaq. Elə bir vəziyyətə düşə bilmərik ki, komandadakı futbolçular qolfa görə səhhətləri ilə risk etsinlər", - Uels futbol assosiasiyasının baş katibi Conatan Ford deyib.

Xatırladaq ki, Uels millisinin AVRO-2020-nin finalına çıxmasından sonra Qaret Beyl komandasının bu nailiyyətini üzərində "Uels. Qolf. Madrid. Bu ardıcıllıqda" yazısı olan bayraqla qeyd edib. Bayrağın üzərindəki bu sözlər əslində Madrid "Real"ının əfsanəsi Predraq Miyatoviçin Beyl haqqında səsləndirdiyi fikirlərə bir kinayə olub. Qeyd edək ki, Miyatoviç uelsli futbol ulduzu barədə bunları deyib: "O, ilk növbədə Uels, sonra qolf və bundan sonra isə "Real" haqqında düşünür".

Vurğulayaq ki, üzərində "Uels. Qolf. Madrid. Bu ardıcıllıqda" yazısı olan bayraq ilk dəfə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Uels milliləri (0:2) arasında noyabrın 16-da Bakıda baş tutmuş oyunda görünüb.

Buz kimi Bakıda qızğın döyüş: Azərbaycan və Uels millilərinin oyunundan kadrlar

"Real" klubunda isə Beylin Avropa çempionatındakı uğuru bu bayraqla qeyd etməsi elə də bəyənilməyib və onun bu hərəkəti "pis zövqdə olan zarafat" kimi qiymətləndirilib.

Noyabrın 30-u Rumıniyanın paytaxtı Buxarestdə baş tutmuş püşkatmanın nəticələrinə görə, Uels millisi "A" qrupunda yer alıb. Bu qrupun üç matçı Bakıda keçiriləcək.

"A" qrupuna həmçinin İtaliya, Türkiyə və İsveçrə milliləri də düşüb. Uelslilər isveçrəlilərə (iyunun 13-ü) və türkiyəlilərə (iyunun 17-i) qarşı matçları Bakıda keçirəcəklər.