19:23 20 İyun 2021
Qaret Beyl

Petkoviç: Uels yığmasının gücü təkcə Beyldə deyil

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
12

Qaret Beylin sayəsində Uels yığması ötən Avropa çempionatında yarımfinala çıxıb. Lakin AVRO-2020-də uelslilər bundan daha yaxşı nəticə göstərməyə çalışacaqlar.

Uels yığması səriştəli komandadır və onun gücü təkcə komandanın kapitanı və hücumçusu Qaret Beyllə müəyyən olunmur. Bunu İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç iki komandanın AVRO-2020-də görüşü ərəfəsində deyib.

Şənbə günü Uels və İsveçrə yığmaları turnir çərçivəsində ilk oyunlarını keçirəcəklər. Qarşılaşma Bakıda keçiriləcək. "A" qrupunda həmçinin Türkiyə və İtaliya milli komandaları yarışır.

"Biz ilk oyunda üç xal qazanmaq istəyirik. Uels komandası güclüdür, turnirə yaxşı hazırlaşıb. Top onlarda olanda, onlar sürətli və texniki futbol nümayiş etdirirlər. Sabah biz topu özümüzdə daha çox saxlamaq istərdik. Lakin yaddan çıxarmırıq ki, əsas olan qol vurmaqdır. Son məşqlərdə mən gördüm ki, komanda istənilən rəqiblə oynamağa hazırdır. Oyunçular çox həvəslidirlər, amma müəyyən həyəcan da var. Bəli, Beyl rəqibimizin əsas ulduzudur. Lakin biz bütün komandaya hörmətlə yanaşırıq. Onlarda Deniel Ceyms, Harri Uilson, Kiffer Mur da var. Uelsin gücü təkcə Beyldə deyil. Bizim üçün əsas olan öz oyunumuzu göstərmək, qol vəziyyətləri yaratmaq və onları reallaşdırmaqdır", - deyə Petkoviç mətbuat konfransında bildirib.