09:19 27 İyul 2021
Uels futbolçuları İsveçrənin qapısına vurduqları qolu qeyd edirlər

Uels yığmasının oyunçusu: Bakıda bizi Türkiyə yığmasına qarşı çətin oyun gözləyir

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Uelsli futbolçu AVRO-2020 çərçivəsində keçiriləcək ikinci oyun ərəfəsində komandasındakı əhvali-ruhiyyədən, habelə Azərbaycan paytaxtında gəzintidən danışıb.

BAKI, 14 iyun — Sputnik. Uels yığmasını Bakıda Türkiyə millisinə qarşı çoxlu sayda türkiyəli azarkeşlər qarşısında ağır oyun gözləyir. Bunu Sputnik Azərbaycan-la söhbətində Uels yığmasının müdafiəçisi Co Rodon deyib.

Bazar ertəsi, iyunun 14-də Uels millisinin oyunçuları Tofiq Bəhramov adına Respublika stadionunda açıq məşq keçiriblər. Məşqdən əvvəl komandanın müdafiəçiləri İtan Ampadu və Co Rodon jurnalistlərlə söhbət edib.

Futbolçular şəhərin küçələri ilə gəzintidən təəssüratlarını bölüşüb və Türkiyə ylğmasına qarşı oyuna hazırlıqlarını şərh ediblər.

Co Rodon bildirib ki, komandasını Türkiyə millsinə qarşı çətin oyun gözləyir.

"Vəziyyətimiz yaxşıdır, lakin bizi Türkiyə millisinə qarşı çətin oyun gözləyir. Başa düşürük ki, stadionda çoxlu türkiyəli azarkeş olacaq və onlar öz komandalarını dəstəkləyəcəklər. Biz buna hazır olmalıyıq. Bizim üçün hər oyun yeni bir çağırışdır. Amma nəticə əldə etmək üçün biz qalib gəlməliyik", - deyə Rodon bildirib.

Futbolçu onu da deyib ki, AVRO-2020-nin Bakıda keçirilən ilk oyununda Uelsdən olan azsaylı azarkeşlərin dəstəyinin də şahidi olub.

"Azarkeşlərimizə minnətdaram, biz onların hər birinin bizi dəstəklədiyini eşidirdik. Türkiyə ilə qarşıdakı oyunda da onların dəstəyinə ümid edirik. Komandamızda hazırda yaxşı əhvali-ruhiyyə var və bu, bizə növbəti oyunda kömək etməlidir", - deyə Rodon bildirib.

Yeri gəlmişkən, Uels yığmasının futbolçuları Bakıda gəzintidə olub və İçəri Şəhəri, Şirvanşahlar sarayını, dənizkənarı bulvarı gəziblər. Uels yığması üzvlərinin şəhərdə görünməsi yerli sakinlərdə xeyli maraq oyadıb və onlar britaniyalı futbolçularla şəkillər çəkdiriblər. Rodon etiraf edib ki, şəhəri gəzmək ona böyük zövq verib.

"Gəzinti çox xoşuma gəldi, insanlar bizi şəhərdə görüb təəccüblənirdilər. Ümumiyyətlə, özümüzü Bakıda təhlükəsizlikdə hiss edirik. Başa düşürük ki, təhlükəsizlik tədbirləri zəruridir və buna görə də burada rahatıq", - Rodon bildirib.

Öz növbəsində İtan Ampadu bildirib ki, İsveçrə yığmasına qarşı oyun onun üçün yaxşı təcrübə olub və o, özünü gələn oyunlarda göstərə biləcəyinə ümidvardır.

"İsveçrə komandası ilə oyunda mən öz işimi görməyə çalışırdım. Bu, mənim üçün əla təcrübə idi və ümidvaram ki, gələcəkdə meydana tez-tez çıxa və komandama fayda verə biləcəyəm", - deyə Uels yığmasının müdafiəçisi bildirib.

İlk oyunda tribunalarda tamaşaçı sayının azlığına gəldikdə isə, uelsliləri bu təəccübləndirməyib.

"Biz artıq kifayət qədər uzun müddətdir ki, boş tribunalar şəraitində oynayırıq. Oyunun bu cür atmosferdə keçəcəyini gözləyirdik. AVRO-2020-nin keçirildiyi şəhərlərin hər birində hazırda tamaşaçıların sayı ilə bağlı məhdudiyyətlər var", - deyə Ampadu bildirib.

Ötən şənbə günü Uels yığması İsveçrə komandası ilə Avropa çempionatının qrup mərhələsindəki qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1. Çərşənbə günü, iyunun 16-da isə Bakı Olimpiya stadionunda komanda Türkiyə millisi ilə üz-zə gələcək.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda İsveçrə-Uels oyunu artıq keçirilib. Bundan başqa daha üç oyun - Türkiyə-Uels (16 iyun), İsveçrə-Türkiyə (20 iyun) oyunlarının, iyulun 3-də isə AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.