06:58 21 Noyabr 2019
AVRO-2020 rəsmi topu

UEFA AVRO-2020-nin rəsmi topu Uniforia təqdim olundu

© Photo : adidas
Avro 2020
Qısa URL
27 0 0

Dünyaca məşhur “Adidas” şirkəti futbol üzrə 16-cı Avropa Çempionatının topunu hazırlayıb və təqdim edib.

Məşhur “Adidas” şirkəti AVRO-2020-nin “Uniforia” (Yuniforiya) adlı rəsmi oyun topunu təntənəli şəkildə təqdim edib. Gələn il keçiriləcək turnirin bütün qitəni birliyə şövqləndirəcəyini vurğulamaq üçün bu yüksək səviyyəli yarışın topu ingiliscə “unity” (birlik) və “euphoria” (eyforiya) sözlərinin birləşməsi ilə “Uniforia” adlandırılıb.

UEFA Avropa Çempionatının 60 illik yubileyi ilə bağlı olaraq gələn yay AVRO-2020-nin final mərhələsinin matçları Avropanın 12 müxtəlif ölkəsində oynanılacaq. Turnirin məhz bu yeni formatı rəsmi oyun topunun tərtibatı üçün ilham mənbəyi olub. “Uniforia”nın tərtibatı körpülərin kəsişməsi, hüdudların qarışması, həmçinin incəsənət və futbolun təkrarolunmaz qarışığı ilə turniri müşayiət edəcək müxtəliflik anlayışlarını əhatə edir. Bu ünsürlər 2018-ci ildə start götürmüş tərtibat prosesinin başlanğıc nöqtələri olub.

© Photo : adidas
AVRO-2020 rəsmi topu
“Adidas”ın məhsul dizayneri Anika Mari Kenno deyib: “Rəsmi oyun topunun tərtibatı zamanı biz həmişə mədəniyyəti əks etdirməyə çalışırıq. Bir yerə toplaşmaq və dəyişiklik üçün birləşmək ehtiyacı - şəhərlərimizdə, bütün aparıcı şəhərlərimizdə gördüyümüz əsas şey bu olub. Dünyanın əsas idman tədbirlərindən biri olan UEFA AVRO-2020 birliyin gücünü qürurla nümayiş etdirməyə, eləcə də idmanı insanlar, ideyalar və yaradıcılıq arasında birlik yaradan bir qüvvə kimi bayrama çevirməyə imkan verir”.

Turnirin yeni transkontinental formatının əksi olan “Uniforia”nın tərtibatı qalın, qara fırça ilə çəkilmiş xətlərdən ibarətdir ki, bu da hüdudların qarışmasını və sərhədlərin kəsişməsini göstərir. Turnirin müxtəlifliyini və fərqli mədəniyyətlərin bir araya gəlməsini göstərmək məqsədilə, bu geniş ştrixlər parlaq və açıq rəngli qısa xətlərlə kəsişir.

  • AVRO-2020 rəsmi topu
    © Photo : adidas
  • AVRO-2020 rəsmi topu
    © Photo : adidas
  • AVRO-2020 rəsmi topu
    © Photo : adidas
1 / 3
© Photo : adidas
AVRO-2020 rəsmi topu
“Adidas”ın brend marketinqi üzrə vitse-prezidenti Florian Alt deyib: “Bu tədbirdə “Adidas” futbolu və ümumilikdə idmanı dünyanı bir araya gətirə biləcək bir qüvvə kimi vurğulayacaq. Futbol kimliyindən, haradan gəlməyindən və hansı meydanda oynamağından asılı olmayaraq, hər kəs üçündür. Oynadığımız zaman o, bizi birləşdirir. “Uniforia” sadəcə bir rəmz olsa da, o, hamımızın arxasında birləşə biləcəyi və birləşməli olduğu bir rəmzdir”.

Qeyd edək ki, UEFA AVRO-2020 iyun ayının 12-də Roma şəhərində başlayacaq və düz 1 ay sonra Londonda “Uembli” stadionunda keçiriləcək final oyunu ilə yekunlaşacaq. Yarış çərçivəsində matçlar Avropanın 12 şəhərində keçiriləcək: Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq. Bakı Olimpiya Stadionunda 13, 17 və 21 iyun tarixlərində “A” qrupunun oyunları, eləcə də iyulun 4-də 1/4 final matçı keçiriləcək.