23:18 20 Noyabr 2019
Futbol üzrə Avropa çempionatının kuboku

Avropanın futbol çempionatı necə yaranıb

© Sputnik / Andrey Voloshin
Avro 2020
Qısa URL
118370

Fuad Məmmədov-Paşabəyli Avropa Futbol Assosiasiyaları İttifaqının və futbol üzrə Avropa çempionatlarının necə yarandığını yada salır.

2018-ci ildə Rusiyada keçirilmiş Dünya Çempionatının bəxş etdiyi möhtəşəm futbol tamaşasının təəssüratları hələ də yaddaşlarda qalmaqdadır. 1966-cı ildə İngiltərənin ev sahibliyi etdiyi Dünya Çempionatından bəri bütün dünya birinciliklərini diqqətlə izlədiyimdən məsuliyyətlə deyə bilərəm ki, Rusiyadakı turnirin sonunda FIFA prezidenti Canni İnfantinonun ifadə etdiyi heyranlıq hissi təşkilatçıları tərifləmək üçün nəzərdə tutulmuş sadə bir iltifat deyildi. Və buna səbəb yalnız DÇ-2018-in ən yüksək səviyyədə keçirilməsi yox, həm də matçlarda gərginliyin və gözəl oyunun olması idi.

Lakin həyat öz yolu ilə davam edir və bizi çox yaxın gələcəkdə, daha dəqiq desək 2020-i ildə daha bir nəhəng futbol turniri – Avropa Çempionatı gözləyir.

© Sputnik / Evgeniy Biyatov
AVRO-2020-nin loqotipi və futbol üzrə Avropa çempionatının kuboku

Dünya Çempionatının ərəfəsində sizi bu turnirin yaranması və keçirilməsi tarixi ilə artıq tanış etmişəm. Düşünürəm ki, AVRO-2020-nin başlamasından əvvəl Köhnə Dünyanın futbol salnaməsinin şanlı səhifələrinə yenidən nəzər yetirmək də maraqlı olardı.

Gizlətməyəcəyəm, futbolun yaradıcılarının haqlı olaraq ingiltərəli centlmenlər olmasına baxmayaraq, mən (və bəlkə tək mən yox) düşünürəm ki, futbol dünyası La-Manşın digər tərəfində yerləşən dövlətin nümayəndələrinə xüsusi bir minnətdarlıq bildirməlidir. Bəli, futbol ictimaiyyəti nəinki dünya çempionatlarının, eyni zamanda Avropa çempionatlarının təşkilində məhz fransızlara borcludur.

İki böyük fransız, Jül Rime və Anri Delone, dünya çempionatlarının banisi hesab olunurlar. Belə bir turnirin keçirilməsi ideyası Delonenin ağlına gəlib, o isə öz şövqü ilə bu işə Rimeni cəlb edib.

© AFP 2019 / STAFF
Anri Delone

İnanılmaz çətinliklərə və ilk növbədə britaniyalılar tərəfindən müqavimətə baxmayaraq, onlar 1930-cu ildə Uruqvayda ilk dünya çempionatını keçirməyi bacarıblar. Turnir isə öz növbəsində hamını inandırdı ki, bu cür yarışın hər dörd ildən bir keçirilməsi məqsədə uyğundur və buna əslində ehtiyac var.
Məhz Delonenin təşəbbüsü ilə futbol funksionerləri Avropa çempionatlarının keçirilməsinin mümkünlüyünü haqında ciddi şəkildə düşünməyə başladılar. Fransalının birinci təklifinə FİFA-dan dəstək gəlmədi, çünki həmin vaxt Avropanın özünün ayrıca futbol assosiasiyası yox idi. Lakin müsyö Delone geri çəkilməyə öyrəşmiş insan deyildi – hətta bu cür böyük miqyaslı maneələrin qarşısında belə.

Delone keçən əsrin 40-50-ci illərində bir çox futbol funksionerini və ən əsası da nüfuzlu İtaliya futbol federasiyasının rəhbərlərindən biri Ottorino Barassini öz ideyası ilə ilhamlandıra bilib. Bir çox konservativ yönümlü federasiyaların yaratdığı əngəllərə baxmayaraq, Delone, Barassi və belçikalı Joze Kraay Avropa konfransını təşkil edə biliblər və 1954-cü il iyunun 15-də İsveçrənin Bazel şəhərində Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) yaradılması bəyan edilib. Təşkilatın baş katibi isə Anri Delonenin özü olub.

© Sputnik / Mikhaik Ozerskiy
SSRİ və Fransa millilərinin yoldaşlıq görüşü. 1955-ci il

Elə həmin il Avropa çempionatına hazırlıqlara başlamaq qərara alınıb. Lakin bu təşəbbüsün hələ çox əleyhdarı var idi. Britaniyanın futbol federasiyaları sanki Avropa turnirinin keçirilməsinin onların futbol imicinə mənfi təsir göstərə biləcəyini düşünərək yenə də Deloneyə qarşı çıxırdılar. Və həqiqətən də, Britaniya milliləri bu günə qədər Avropa çempionatlarında xüsusi bir uğur qazana bilməyiblər.

Köhnə Dünya çempionatının tərəfdarları və əleyhdarları arasında qarşıdurma 1958-ci ildə Delonenin ardıcıllarının qələbəsi ilə başa çatıb. Lakin Delonenin özü müəllifi olduğu bu ideyanın həyata keçməsini görə bilməyib – fransalı funksioner 1955-ci ildə vəfat edib. Lakin onun soyadı hələ də dillərdə idi. Və yalnız ona görə yox ki, oğlu Piyer atasının UEFA-dakı yerini tutaraq onun işini davam etdirirdi. Ən əsas məqam o idi ki, Avropa çempionuna veriləcək kuboka Anri Delonenin adı verilmişdi. Yəni sonda ədalət qalib gəlmişdi!

© AFP 2019 / IAN LANGSDON
1960-cı ilin Avropa Kubokunda Çexoslovakiya və SSRİ komandaları arasında baş tutmuş yarımfinal matçından oyun anı

Mövcudluğunun ilk günlərində turnir Avropa Millətlər Kuboku adlanırdı. Finalda seçmə oyunlarının ələyindən keçmiş dörd komanda iştirak edirdi. Qeyd edim ki, 1960-cı ildəki ilk çempionatda bir çox güclü komandalar iştirakdan imtina etmişdilər və bu demarş da ingilislərin təşəbbüsü ilə baş tutmuşdu. Lakin bu, təşkilatçılara turnirin finalını Parisdə uğurla keçirməyə mane ola bilməyib.

Həmin vaxt Fransa, Çexoslovakiya, Yuqoslaviya və SSRİ komandaları ilk dördlüyə daxil olublar. Köhnə Dünyanın ən güclü komandası adını ilk dəfə Sovet İttifaqı komandası final matçına əlavə olunmuş vaxtda yuqoslavları məğlub edərək qazanıb. Təəssüf ki, SSRİ komandası bəzən bu titula çox yaxın olmasına baxmayaraq bu nailiyyəti təkrarlaya bilməyib.

Məsələn, 1964-cü ildə İspaniyada keçirilmiş turnirin finalında sovet futbolçuları acınacaqlı şəkildə meydan sahiblərinə məşhur “Santyaqo Bernabeu”da 1:2 hesabı ilə məğlub oldular. İkinci top SSRİ komandasının qapısına oyunun lap sonunda vuruldu. İspanlar bayram edirdilər, SSRİ-də isə məğlubiyyətin acısını yaşayırdı.

© Sputnik / Leonid Dorenskiy
SSRİ-nin futbol üzrə millisi 1960-cı ilin Avropa Kubokunda qələbəsindən sonra

Mən öz yaşım səbəbindən Avropa millilərinin ilk turniri barədə xatirələrə malik deyiləm, İspaniyada keçirilmiş AVRO da yaddaşımda hissə-hissə qalıb. Yalnız o yadımdadır ki, ailəmizin yaşca böyük olan kişiləri 1964-cü il məğlubiyyətindən məyus olmuşdular və səbirsizliklə revanş gözləyirdilər. Əgər onlar bilsəydilər ki, revanş olmayacaq və SSRİ yığması bir daha heç vaxt qitənin ən yaxşı komandası olmayacaq, onda yəqin ki, belə qüssəyə qərq olmazdılar. Lakin o zaman onlar bunu bilmirdilər. Həmin dövrdə milli yığmanın oyun səviyyəsi çox yüksək idi və elə gəlirdi ki, bu, həmişə belə olacaq. Təəssüf...

Lakin artıq 1966-cı ildə, İngiltərədəki dünya çempionatını müşahidə edərkən, mən azarkeşlər sırasına qoşuldum və həmin vaxtdan etibarən nəhəng ölkənin futbol ictimaiyyəti ilə birgə İtaliyada keçiriləcək Avropa çempionatını gözləməyə başladım. Bu turnirdə isə tamamilə gözlənilməz hadisələr baş verdi. Lakin bu barədə növbəti yazıda.

Fuad Məmmədov-Paşabəyli