07:46 11 Dekabr 2019
Бакинский олимпийский стадион

Cavid Qarayev: Türkiyə millisinin sayəsində AVRO-2020 zamanı Bakıdakı stadion dolacaq

© Sputnik / Murad Orujov
Avro 2020
Qısa URL
5310

Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev Sputnik Azərbaycan-a müsahibəsində AVRO-2020-nin Bakıdakı oyunlarından gözləntilər barədə fikirlərini bölüşüb.

BAKI, 4 dekabr — Sputnik. Teymur Tuşiyev. AVRO-2020-nin A qrupunda Türkiyə millisinin oynaması Bakının Olimpiya Stadionunu 100 faiz doldurmağa imkan verəcək. Bunu Sputnik Azərbaycan-a paytaxt arenasının direktoru Cavid Qarayev deyib.

Qeyd edək ki, Olimpiya Stadionu futbol üzrə Avropa çempionatının dörd matçına meydan sahibliyi edəcək.

Noyabrın 30-u Buxarestdə baş tutmuş püşkatmanın nəticələrinə görə, üç matçı Bakının Olimpiya Stadionunda keçiriləcək A qrupuna İtaliya, Türkiyə, Uels və İsveçrə milliləri düşüb. İtaliya komandası qrup mərhələsinin bütün matçlarını Romada oynayacaq, digər yığmalar isə hərəsi Bakıda iki qarşılaşma keçirəcək.

Директор бакинского олимпийского стадиона Джавид Гараев
Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev

Sputnik Azərbaycan-a müsahibəsində Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev püşkatma və AVRO-2020-nin Bakıdakı oyunlarından gözləntilər barədə fikirlərini bölüşüb.

- Püşkatmanın nəticələrindən, xüsusilə də Türkiyə yığmasının öz oyunlarını Bakıda keçirəcəyindən çox məmnunam. İlk növbədə, Türkiyə millisinin Bakı qrupunda olması Bakı Olimpiya Stadionunu tamamilə doldurmağa imkan verəcək. Türkiyə Azərbaycan üçün qardaş ölkədir və bu komandanın ölkəmizdə böyük azarkeş ordusu var. Bundan əlavə, hər gün Bakı ilə İstanbul arasında səkkizə yaxın uçuş həyata keçirilir ki, bu da türkiyəli azarkeşlərin AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına qatılmasına böyük kömək olacaq.

Bundan başqa, Azərbaycan ərazisində çox sayda Türkiyə şirkətləri fəaliyyət göstərir. Burada həmçinin çox sayda Türkiyə vətəndaşları da yaşayırlar.

Bütün bunlar Bakı Olimpiya Stadionunun Avropa çempionatının oyunları zamanı 100 faiz dolu olacağına ümid etməyə imkan verir.

- Bakıya nə qədər türk azarkeşin gələcəyi gözlənilir?

- Hazırda bu haqda nə isə demək çətindir, çünki hər hansı bir proqnoz vermək üçün hələ tezdir. Buna baxmayaraq, fikrimcə, Bakı Olimpiya Stadionunun ən azı 50 faizi türkiyəli futbol azarkeşləri ilə dolacaq.

- AVRO-2020-nin püşkatması zamanı Buxarestdə idiniz. Türkiyə futbolunun nümayəndələri püşkatmanın nəticələrinə necə reaksiya verdilər?

- Onlar çox xoşbəxt idilər, bir-birilərini və bizi qucaqlayıb təbrik edirdilər. Logistika baxımından Türkiyə komandasına Bakıda oynamaq daha rahatdır. Yenə də qeyd edim, Türkiyə və Azərbaycan qardaş ölkələrdir və Bakıda türkiyəli futbolçular özlərini evdəki kimi hiss edəcəklər. Və bildiyiniz kimi, evdə oynayan komandaların uğurlu çıxış üçün daha çox şansı olur.

- Uels və İsveçrə azarkeşlərinin gəlişindən gözləntiləriniz nədir?

- Bu məsələdə başa düşmək lazımdır ki, futbol üzrə Avropa çempionatı böyük tədbir və nəhəng bayramdır və bu bayramda iştirak edən ölkənin sakinləri yaraışın harada keçirilməsindən asılı olmayaraq həmişə öz komandalarını dəstəkləməyə çalışırlar. Uels və İsveçrə azarkeşləri bu planda istisna deyillər. Əminəm ki, bu ölkələrin çoxlu sayda futbol fanatları da Bakıya gələcəklər.

- Yeri gəlmişkən, AVRO-2020-nin Azərbaycan və Uels arasındakı seçmə oyununda baxmaq üçün Bakıya təxminən 4,5 min uelsli gəlmişdi. Bu isə ölkələr arasındakı məsafə nəzərə alınmaqla kifayət qədər yaxşı göstəricidir.

- Uelslilər həqiqətən səfər görüşlərində komandalarını fəal dəstəkləyirlər, ona görə də bu ölkənin azarkeşlərinin Bakıya gəlişi barədə gözləntilərimiz yüksəkdir. Həmçinin unutmayın ki, AVRO-2020-nin oyunları yayda, məzuniyyətlər öncəsi keçiriləcək. İyunda Bakıda adətən yaxşı hava olur və paytaxtımızın qonaqları burada yaxşı dincələ də bilərlər.

Biz həmçinin isveçrəli azarkeşləri də gözləyirik, çünki orada əsasən kifayət qədər zəngin insanlar yaşayırlar, həm də ölkələrimiz arasında birbaşa reyslər mövcuddur, bu isə azarkeşlər üçün əlverişlidir.

Lakin yalnız AVRO-2020-də çıxış edəcək komandalrın azarkeşlərinə ümid etmək düzgün olmaz. Bakıya sadəcə gözəl futbola baxmaq üçün müxtəlif ölkələrdən bu idmanın azarkeşləri gələ bilərlər.

Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev (sağda)

 

- Yaxın ölkələrdən futbol azarkeşlərinin cəlb edilməsi üçün hansısa kampaniya keçiriləcək?

- Təbii ki, belə bir kampaniya olacaq. Əlavə edim ki, bu kampaniya artıq bütün Avropa üzrə başlayıb.

- Bakı Olimpiya Stadionunun AVRO-2020-nin oyunlarına hazırlamaq üçün hansı işlər görüləcək?

- Belə deyək, bu il stadion artıq mayın 29-da keçirilmiş Avropa Liqasının finalı zamanı sınaqdan keçirilib. Ona görə də hər hansı qlobal dəyişiklik olmayacaq. Biz lap sabah AVRO-2020-nin oyunlarını qəbul etməyə tam hazırıq. Çox yəqin ki, gələn il AVRO-2020 ərəfəsində test oyunları keçiriləcək. Bu məsələ artıq tam olaraq AFFA-dan asılıdır.