06:52 11 Dekabr 2019
Bakıda Avropa Liqasının finalı, arxiv şəkli

UEFA rəhbəri Avropa Liqası finalının Bakıda keçirilməsi haqda: "Bu, ayrı-seçkilikdir"

© REUTERS / AMR ABDALLAH DALSH
Avro 2020
Qısa URL
1910

UEFA Prezidenti Aleksander Çeferin Azərbaycanın Avropa Liqasının finalına ev sahibliyi etməyə layiq olmadığına dair fikirləri ayrı-seçkilik adlandırıb

BAKI, 4 dekabr — Sputnik, Teymur Tuşiyev. Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəhbəri Aleksander Çeferin yenidən Avropa Liqasının finalının Bakıda keçirilməsini müdafiə edib.

Sputnik Azərbaycan-ın "Mirror" nəşrinə istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı danışan Çeferin qeyd edib ki, Azərbaycan klublarının iştirakı ilə Londonda final oyunu keçirilsəydi, heç kəs etiraz etməzdi.

Britaniya nəşri UEFA prezidenti ilə müsahibəsində mayın 29-da Londonun "Çelsi" və "Arsenal" (4:1) klubları arasında Bakıda baş tutmuş Avropa Liqasının final oyununa baxmaq üçün uzun məsafə qət etmiş bəzi ingiltərəli azarkeşlərin narazılığı haqqında xatırladıb.

"Avropa Liqasının finalına iki Azərbaycan klubu çıxsaydı və biz həlledici matçı Londonda keçirmək qərarını versəydik, heç kəs etiraz etməzdi", - Çeferin deyib.

Xatırladaq ki, ingiltərəli futbol azarkeşləri Avropa Liqası finalını Bakıdan London köçürməyi tələb edirdilər. Lakin UEFA rəhbəri hesab edir ki, bu tələblər ədalətli deyil.

Çeferin həmçinin 2008-ci il UEFA Kubokunun finalında Sankt-Peterburqun "Zenit" klubunun Mançesterdə "Qlazqo Reyncers"ə (2:0) qarşı oyununu da xatırladıb.

"Demək olmaz ki, Avropa Liqasının finalı İngiltərədə keçirilməli idi. Kim bilirdi ki, İngiltərənin iki klubu finala çıxacaq? Final oyununun keçirilmə yeri hələ finalın özündən il yarım əvvəl seçilmişdi və o vaxt heç kəs onun iştirakçılarının kim olacağını bilmirdi", - Çeferin vurğulayıb.

UEFA prezidenti həmçinin Azərbaycanın Avropa Liqasının finalına ev sahibliyi etməyə layiq olmadığına dair fikirləri ayrı-seçkilik adlandırıb.

"Həm də Azərbaycan xalqı çox fəxr edirdi, çox xoşbəxt idi. Azərbaycanlıların İngiltərədən uzaq olduqları üçün buna layiq olmadıqlarını düşünmək müəyyən qədər ayrı-seçkilikdir", - Çeferin qeyd edib.

Xatırladaq ki, gələn ilin yayında Bakı futbol üzrə 2020-ci il Avropa çempionatının matçlarına ev sahibliyi edəcək. Bakıda Türkiyə, Uels və İsveçrə milliləri "A" qrupu çərçivəsində qarşılaşacaqlar.