08:20 04 İyun 2020
Brilyant əl filmindən səhnə

Ostrovskaya: Məni "Brilyant əl"in Bakıdakı çəkilişinə küçədən apardılar

© Mosfilm / Бриллиантовая рука/ 1968
Avro 2020
Qısa URL
33220

"Brilyant əl" filminin aktrisası Viktoriya Ostrovskaya Bakıya gəldiyi günləri xatırlayıb, çətin taleyi haqqında danışıb və bütün bakılılara salamlarını göndərib

BAKI, 24 dekabr — Sputnik. Kiyevli sovet aktrisası Viktoriya Ostrovskaya Leonid Qaydayın "Brilyant əl" filmində İstanbul küçələrində Nikulinin və Mironovun qəhrəmanlarını özünə səsləyən epizodik yüngül əxlaqlı qız rolu ilə milyonlarla tamaşaçının yaddaşlarına daimi olaraq həkk olunub. Bu səhnələr bütün çəkiliş heyətinin cəmi bir neçə gün üçün gəldiyi İçərişəhərin küçələrində çəkilib. Ostrovskaya Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycan paytaxtına gəldiyi günlər və çətin taleyi haqqında danışıb.

Nikulin və Mironovla görüş, eləcə də Bakıdakı çəkiliş haqqında

- Viktoriya Qriqoryevna, tale sizi "Brilyant əl" filminin yaradıcıları ilə necə bir araya gətirdi?

- Sadəcə, Moskva küçələrindən birində gəzirdim və bir cavan oğlan yaxınlaşıb soruşdu: "Xanım qız, siz təsadüfən aktrisa deyilsiniz?" Cavab verdim ki, təsadüfən avtobazada işləyən aktrisayam (gülür).

© Mosfilm / Бриллиантовая рука/ 1968
"Brilyant əl" filmindən səhnə

- Avtobaza haqqında hələ danışacağıq. Bəs, həmin cavan oğlan sizin cavabınıza necə reaksiya verdi?

- Bəxtinin gətirdiyini dedi. Dedi ki, Qayday yeni bir layihəyə - "Brilyant əl"ə start verib. Koordinatlarımı istədi və sınaq çəkilişinə çağıracağını vəd etdi.

- Sözünə əməl etdimi?

- Bəli, məni çağırdılar, şəkillərimi çəkdilər. Qayday mənə baxır və deyir: uyğundur. Kino sınağı belə etmədilər.

Tale belə gətirib...

- Və məni sevgi kahinəsi roluna təsdiq etdilər və dedilər ki, bütün xarici ölkə səhnələri Bakıda çəkiləcək. Mən əvvəllər orada heç vaxt olmamışdım. Əlbəttə ki, maraqlı oldu. Avtobazadan ayrıldım, müvəqqəti tətil götürüb Bakıya getdim.

- Bəs, sizi şəhər və onun sakinləri necə qarşıladılar?

- Məni oteldə yerləşdirdilər. Çox gözəl qarşıladılar, rəssam-fotoqrafımız bakılı idi, insanlar qonaqpərvər idilər, özünüz anlayırsınız. Hamı üçün elə bir gecə təşkil etdilər ki – Mironov, Nikulin, ziyafət, kabablar, sağlıqlar!

- Qədim şəhərdəki çəkiliş prosesindən yadınızda nə qalıb?

- Bütün çəkilişlər, dediyiniz kimi, qədim şəhərdə baş tutub və əlbəttə ki, hər yerdə çox sayda avara var idi. Keçirəm, kimsə çimdikləyir, kimsə toxunur, kimsə də yumşaq yerimdən tutur.

- Sizə yalnız çəkiliş meydançasında diqqət yetirirdilər?

- Ən maraqlısı axşam oldu. Mehmanxanaya gəldim və birdən qapı açıldı, administrator içində üzüm olan məcməyi ilə içəri girdi. Soruşdum: "Niyə, axı heç nə sifariş etməmişəm". "Bu filankəsdəndir", - o cavab verdi. "Dərhal götürün, - dedim - və çıxın gedin buradan!" Çox gülməli idi...

- Şəhəri və onun görməli yerlərini gəzmək üçün vaxtınız oldu?

- Hər şey tez keçdi. Təəssüf ki, görməli yerlərə baxmağa vaxt tapmadıq. Çəkilişdən sonra Moskvaya gəldim və işimi dəyişdirməyin lazım olduğunu başa düşdüm. Artıq Lenin adına kitabxana ilə də razılaşmışdım, avtobazada məni fikrimdən daşındırmağa çalışırdılar... Və başqa nə deyim... "Brilyant əl"də çəkilmişlərin hamısının dünyasını dəyişdiyinə görə çox təəssüflənirəm. Demək olar ki, hamısı...

Avtobaza və Lenin adına kitabxana haqqında

- Aktyorları yetişdirən universitetin tələbəsi necə oldu ki, avtobazada işləməyə başladı?

- Ukraynadan Moskvaya gəldikdən sonra kiçik uşağım olduğu və anamın xəstə olduğu üçün harasa işə düzəlməli idim. Çox çətin idi. Bir dostum təklif etdi ki, avtobazada dispetçer işinə gedim. Bu, Cihazqayırma Nazirliyinin avtobazası idi. Mən də getdim.

- Elə də saf və ismətli əhval-ruhiyyədə olmayan kişilərin kollektivinə getmək qorxulu deyildimi?

- Mən oraya kürən saçlı, tamahlandıran bir qız kimi gəldim. Gəlirəm, sürücülər dayanıb kvas içirlər, üzləri qırmızı. İçəri keçirəm və mənə elə baxırlar ki... o vaxtdan bəri məni yalnız "Madlen" çağırırdılar (gülür).

Viktoriya Ostrovskaya

- Tez dostlaşıb ortaq dil tapmaq mümkün oldumu?

- Tez oldu, sonra artıq onlar gəlib mənimlə danışırdılar, yaxşı uşaqlar idilər, sadə idilər. Oradan kobud olduğuma görə işdən qovuldum. Kobudluğa görə avtobazadan qovulmaq – təsəvvür edirsinizmi? Bu elə fahişəni işinə görə işdən qovmağa bərabərdir (gülür).

- Kobudluğa görə avtobazadan qovulmaq? Heç inanmaq olmur...

- Anamın vəziyyəti çox pis idi, gecə həkimləri evimizə çağırdım, özüm isə işə getdim. Oradan daim anama zəng vurur və onun özünü necə hiss etdiyini soruşurdum. Sonra məlum oldu ki, avtobazanın tikinti-montaj idarəsi ilə paralel telefonu var imiş.

- Kimsə söhbətinizə qulaq asırdı?

- Kaş ki! Bir an bir kişi anam ilə söhbətə qoşulur və dəstəyi qoymağımı istəyir. Onun tərbiyə verən tonundan əsəbiləşdim. Hər sözü ilə o məni söyürdü, mən də onu kobud şəkildə rədd edib telefonun dəstəyini asdım.

- Hər şey necə bitdi?

- Telefonun dəstəyini atdım, çox əsəbi şəkildə aşağıya qaçıb bütün avtobazaya söyüşlə qışqırdım, gözlərim yanırdı. Elə bu an rəis mən tərəfə gəldi. Dayana bilməyib, qışqırırdım, müdir isə məni xəbərdar etdi və sonra işdən çıxarılmağım barədə əmr verəcəyini dedi.

- Reaksiyanız necə oldu?

- Mən dönərək ətəyimi qaldırıb dedim: yanımı öp. Bütün sürücülər və çilingərlər bu mənzərədən uğunub getdilər. Sonra onların hamısı gəlib harada həbsdə yatdığımı soruşurdular (gülür).

- Bu hadisənin hər hansı bir mənfi nəticələri oldu?

- Ertəsi gün heç bir sürücü xəttə çıxmadı. Tətil etdilər – hələ o vaxt! Müdir mənə zəng edib üzr istəməli oldu. Məndən xahiş etdilər, yalvardılar və mən də bağışladım.

- Lenin adına kitabxanada işiniz barədə danışa bilərsiniz?

Tanınmış aktyor: “Bircə çıxış yolu var - İstedad, istedad və yenə də istedad”

- İlk olaraq incəsənət sektorunda çalışdım. Hər ay incəsənət problemlərinə dair bütün nəşr olunan ədəbiyyatın annotasiya edilmiş kataloqunu nəşr edirdik. Əvvəl teatrı, sonra isə musiqini redaktə edirdim.

- Belə çıxır ki, ölkədə hələ heç kimin görmədiyi kitabları ilk olaraq siz görürdünüz?

- Əlbəttə. Onları düzgün biblioqrafik şəkildə təsvir etməli, sonra qısaca izah etməli idim. Bu istehlakçı üçün əlçatan olmalı idi.

- Kitabxanaya işə düzələndə artıq bunu etmək istədiyinizi başa düşürdünüzmü?

- Moskvaya köçməkdən əvvəl ümumiyyətlə Dnepropetrovsk teatrında çalışmışam. Əlbəttə ki, burada mən heç bir şəkildə teatra girə bilmirdim, burada çox sayda teatr universitetləri var idi və hamısı öz məzunlarını götürürdü. Bəli, mən Dnepropetrovskda teatrda işləmişdim, vəziyyətim yaxşı idi, amma Moskvada hər şey pis başa çatırdı.

Aktrisanın həyatında aerobikanın rolu

- Teatr mühitinə düşmək istəyindən başqa, paytaxtda yaşayarkən daha nə haqda xəyal edirdiniz?

- Moskvaya aerobika hələ təzə-təzə gələrkən onunla məşğul olmağı xəyal edirdim. Rəfiqəmin köməyi ilə Lujnikidə bir qrupa girdim və məşq etməyə başladım.

- Bəs, uğurlarınız nə idi?

- Bir gün sonra nə qalxa, nə də otura bilirdim. Amma yenə də gəldim və məşqə davam etdim. Bir dəfə məşqçim ezamiyyətə getməli idi və məndən dərsi keçirməyimi istədilər. Və mən də keçdim.

- Və müəllimliyə başladınız?

- Bəli! Seminar üçün proqram hazırlandıqdan və qəbul olunduqdan sonra mənə dərhal təlimçi-müəllim vəsiqəsini verdilər. Kitabxanada işləyə-işləyə binamdakı arıqlamaq istəyən qızları yığdım. MKİS-ə getdik, bizə bir zirzəmi verdilər. Portativ maqnitofonum var idi. Ayda 3 rubl deyirdim - elə bil havayı. 15 nəfər toplamışdım.

- Bəs, hər şeyi necə çatdırırdınız?

- Həm Lujniki, həm Lenin adına kitabxana, həm də bu kiçik iş var idi. O qədər var-gəl edirdim ki, çubuq kimi incə idim.

© Mosfilm / Бриллиантовая рука/ 1968
"Brilyant əl" filmindən səhnə

- İllər ötəndən sonra idman bir daha həyatınıza daxil oldu?

- Bir gün gördüm ki, qalxa bilmirəm, belim ağrıyır. Tramvayda gedəndə sanki zoqquldayırdı, dəhşətli ağrı hiss edirdim. Kompüter tomoqrafiyası etdirdim və iki böyük fəqərəarası yırtıq aşkar edildi - 8 və 10 millimetr ölçülərində.

- Bəs, necə müalicə olunmağa qərar verdiniz?

- Radioda təsadüfən "Səhər yoxlaması" adlı proqrama düşdüm, orada əvvəl heç kimin tanımadığı doktor Bubnovski çıxış edirdi. Və o, kömək edə biləcəyini dedi.

- Kömək edə bildi?

- Bildi. Bubnovski məni çox sevir, hətta kitabında mənim haqqımda çox şey yazıb. Onun həyat yoldaşı Lena Bubnovskaya böyük xalalar üçün gimnastikanı aparırdı. Bir gün o zəng etdi, məşqi apara bilmədiyini dedi, məndən xahiş etdi. Mən də məşqi apardım və gimnastikanı orada keçirməyə başladım.

- Gimnastikaya gedərkən və məşqləri apararkən hansı parlaq hekayə yadınızda qalıb?

- Dəqiq tarixi xatırlamıram, gimnastika məşqini aparmışam və görürəm Bubnovski ilə Kostya Tszyu dayanıblar. Bubnovski məni çağırır və Tszyuya deyir: "Kostya, bilirsən bu kimdir? "Brilyant əl"i görmüsən? Kostya dərhal tanıdı və əlimdən öpdü.

- Gələn yay Bakıda futbol üzrə Avropa çempionatının oyunları keçiriləcək. Sizin də ziyarət etdiyiniz bu qonaqpərvər şəhərə nə demək istəyirsiniz?

- Bakılılara salam! Yenidən oraya getmək istərdim!

"Brilyant əl" filminin çəkildiyi məkan barədə geniş yazını buradan oxuya bilərsiniz!