00:12 27 Noyabr 2020

AVRO-1992: dəyişikliklər vaxtı

© Sputnik / Vladimir Rodionov
Avro 2020
Qısa URL
74840

Fuad Məmmədov-Paşabəyli dövrlərin qovuşuğunda SSRİ və MDB yığmalarının çıxışını, eləcə də İsveçdə keçirilmiş Avropa Çempionatında danimarkalıların parlaq qələbəsini xatırlayır.

1988-ci ildə Valeri Lobanovskinin rəhbərlik etdiyi SSRİ yığmasının Avropa Çempionatından gümüş medalla qayıtmasından sonra sovet azarkeşləri gələcəkdə daha da böyük uğurların gələcəyinə ümid etməyə başlamışdılar. Bu yalnız Köhnə Dünyanın vitse-çempionları adını qazanmaqla deyil, həm də həmin vaxt dünyanın ən yüksək standartları səviyyəsində çıxış edən futbolçuların parlaq oyunu ilə bağlı idi. Millinin baş məşqçisinin öz postunu saxlaması da ümidləri artırırdı.

Adama elə gəlirdi ki, yaxın zamanlarda sovet yığması nəinki Avropada, həm də bütün dünyada aparıcı komandaya çevriləcək. Lakin 80-ci illərin sonunda SSRİ-də vəziyyət köklü şəkildə dəyişməyə başladı. Burada söz açmayacağım bir sıra səbəblərdən sovet futbolçularının bir çoxu xaricə getməyə çalışırdılar, qalanları isə futboldan çox ailələrinin maliyyə sabitliyinə qayğı göstərməyə məcbur qalmışdılar.

Bütün bu əngəllərə baxmayaraq, ölkənin əsas komandası 1990-cı il Dünya Çempionatının seçmə turnirini yüksək səviyyədə keçirdi və Avstriya, Türkiyə, ADR və İslandiya yığmalarını qabaqlayaraq öz qrupunda birinci yeri tutdu. Azarkeşlər sovet yığmasının hansı çətinliklərlə üzləşdiyini yaxşı başa düşürdülər, lakin təsnifatdakı uğur İtaliyadakı mundialda kifayət qədər yaxşı nəticə əldə ediləcəyinə ümid verirdi.

Lobanovski kifayət qədər güclü komanda toplaya bilmişdi: Turindən Sergey Aleynikov və Aleksandr Zavarov, Fransadan Vagiz Hidiyatullin, Almaniyadan Vladimir Lyutı, Sergey Qorlukoviç və Aleksandr Borodyuk, İspaniyadan 1988-ci ildə dünyanın ən yaxşı qapıçısı olmuş Rinat Dasayev gəlmişdi. Belə bir heyət sovet yığmasına qrupdan çıxmaq üçün iddiaçılardan biri sayılmağa imkan verirdi.

© Sputnik / Vladimir Rodionov
Futbol üzrə SSRİ yığması 1990-cı ildə

Lobanovskinin komandası çox da çətin qrupa düşməmişdi. Burada sovet yığmasını dünya çempionları argentinalılar, Rumıniya və Kamerun yığmaları gözləyirdi. Turnirin reqlamentinə əsasən, 1/8 final mərhələsinə hər kvartetdən iki ən güclü komanda və üçüncü yeri tutmuş yığmalar arasında dörd ən yaxşı komanda çıxırdı. Belə şərtlərlə pley-offa düşmək elə də çətin görünmürdü, amma lap əvvəldən SSRİ yığmasının oyunu nədənsə gətirmədi.

Kamerunlular birinci turda Argentina millisini sensasiyalı şəkildə məğlub etdilər (1:0), sovet komandası isə Rumıniya ilə oyunda xal qazana bilmədi (0:2). Lobanovskinin komandası növbəti turda da eyni hesabla argentinalılara məğlub oldu, Kamerun yığması isə rumıniyalıları məğlub edib dörd xalla qrupda liderliyi ələ keçirdi.

SSRİ yığmasının pley-offa çıxmaq üçün nəzəri şansları qalırdı. Lakin bunun üçün birincisi Afrika komandası üzərində qələbə, ikincisi isə rəqiblərdən birinin son turun görüşündə büdrəməsi lazım idi. Sovet futbolçuları birinci şərtin öhdəsindən özləri gələrək kamerunluların qapısına dörd cavabsız qol vurdular. İkinci şərtə gəldikdə isə onların bəxti gətirmədi – Argentina və Rumıniya yığmaları heç-heçə oynayaraq sovet komandasını sonuncu yerdə qoydular. Lobanovskinin ümumilikdə yaxşı futbol nümayiş etdirmiş komandası evə yollandı.

© Sputnik / Igor Kostin
Valeriy Lobanovski

İtaliya meydanlarında qələbəni almanlar bayram etdilər. Onlar heyətində Dieqo Maradona olan Argentina yığmasını finalda məğlub etdilər. 1974-cü ilin Dünya Çempionatında oyunçu kimi qalib gəlmiş Frans Bekenbauer 16 ildən sonra məşqçi kimi yığmasına çempion titulunu gətirdi.

Dünya birinciliyində uğursuzluqdan sonra Valeri Lobanovski SSRİ yığmasının baş məşqçisi postundan istefa verdi və komanda vaxtilə ölkənin ən güclü forvardlarından biri olmuş Anatoli Bışovetsin rəhbərliyi altında AVRO-1992-yə hazırlığa başladı. Bışovets SSRİ-nin Olimpiya futbol yığmasını 1988-ci ildə Seulda keçirilmiş oyunlarda qələbəyə gətirib çıxarmışdı. Buna görə də onun əsas komandaya baş məşqçi kimi təyinatı məntiqli görünürdü.

Onun rəhbərliyi altında yenilənmiş yığma seçmə turniri yaxşı keçirərək, heç bir görüşdə məğlub olmayaraq Avropa çempionatının final mərhələsinə aparan yeganə vəsiqə uğrunda mübarizədə İtaliya, Norveç, Macarıstan və Kipr komandalarını geridə qoymuşdu. Seçmə turnirinin son matçını 1991-ci il noyabrın 13-də keçirmiş sovet yığması kiprli rəqiblərini 3:0 hesabı ilə məğlub etdi. Dekabrın 26-da isə SSRİ artıq mövcudluğunu dayandırdı. AVRO-ya isə MDB yığması yollandı.

© Sputnik / Игорь Уткин / Igor Utkin
Anatoliy Bışoveç

Bışovetsin komandasına çətin qrup düşmüşdü: dünya çempionu almanlar, əvvəlki qitə birinciliyinin qalibləri niderlandlılar və güzəştə getməyən Şotlandiya yığması. Favoritlərlə heç-heçə ilə başa çatmış iki matçdan sonra MDB yığması start turunda iki dəfə məğlub olmuş şotlandların üzərində qələbə qazanacağı təqdirdə pley-offa çıxmaq şansını saxlayırdı. Amma turnir motivasiyasının yoxluğu britaniyalıları rahatlaşdırmadı. Onlar böyük qələbəyə nail olaraq MDB-dən olan futbolçulara yarımfinala çıxmağa imkan vermədilər.

Yarımmüdafiəçi İqor Dobrovolski bu görüşü belə xatırlayırdı: "Sadəcə ümumi uğursuzluq: Şotlandiya ilə oyunda oyunçu topu künc bayrağına vurur, top müdafiəçimizin ayağına dəyir, başqa bir küncə uçur və qapımıza daxil olur. Və bu bir neçə dəfə təkrarlanır. Mən şəxsən boş qapıya vuranda kimsə peyda olub zərbəni qaytarırdı. Mistika".

Artıq qeyd etmişəm ki, Avropa çempionatlarında gözlənilməz nəticələr dünya birinciliklərindən daha tez-tez müşahidə olunur. Futbol həvəskarlarını AVRO-1992-də də sensasiya gözləyirdi. Qeyd edək ki, seçmə turnirin ələyindən keçmiş Yuqoslaviya yığması ölkədə baş verən hadisələrlə əlaqədar final mərhələsinə buraxılmadı. Onun əvəzinə isə İsveçə Danimarka millisi yollandı. Bu, danimarkalı futbolçular üçün gözlənilməz hədiyyə oldu. Danimarkalılar o qədər ruhlanmışdılar ki, qrupda oyunları əla keçirdilər. Onlar yalnız turnirin ev sahiblərini irəli buraxaraq, ingilisləri və fransızları pley-offdan kənarda qoydular.

© AFP 2020 / BORIS HORVAT
Danimarka - İsveçin matçındakı oyun anı

İsveç və Almaniya yığmalarının qarşılaşdıqları ilk yarımfinal olduqca maraqlı alındı. Avropa Çempionatının ev sahibləri özlərini ən yaxşı tərəfdən göstərdilər, final fitinə qədər mübarizə apardılar, lakin dünya çempionlarının gücü yekun nəticəyə təsir etdi – Bundestim 3:2 hesabı ilə qələbə qazandı.

Digər cütdə isə, hər şey matçdan əvvəl sanki aydın idi – futbol həvəskarlarının bir çoxu əmin idi ki, danimarkalılar qrup mərhələsində şans ehtiyatlarını artıq sərf ediblər. Lakin reallıq fərqli idi. AVRO-1988-in bir çox qəhrəmanlarının oynadığı Niderland millisi artıq 5-ci dəqiqədə Henrik Larsenin qolu ilə şoka düşdü. Niderland futbolunun yüksələn ulduzu Dennis Berqkampın səyləri ilə "narıncı"lar birinci hissənin ortasında hesabı bərabərləşdirməyə müvəffəq oldular, lakin 10 dəqiqə sonra Larsen yenidən danimarkalıları irəli çıxardı.

Avropa Çempionatında iştirakı haqqında turnirdən bir neçə gün əvvəl xəbər tutmuş komanda yarımfinal matçının son dəqiqələrinə qədər irəlidə idi və finala çıxmağa hazırlaşırdı. Frank Raykardın 86-cı dəqiqədəki qolu az qala danimarkalıların ümidlərinin üstündən xətt çəkəcəkdi. Əlavə vaxtda tərəflərdən heç biri fərqlənə bilmədi. Komandaları futbol lotereyası – oyundan sonrakı penaltilər seriyasını gözləyirdi.

© AFP 2020 / PATRICK HERTZOG
Hollandiyalı hücumçu Rud Qullit və danimarkalı yarımmüdafiəçilər Con Yensen və Henrik Larsen

İlk iki oyunçu penaltini mükəmməl yerinə yetirdi, lakin bundan sonra sensasiya yaşandı – Danimarka millisinin qapıçısı Peter Şmeyxel zərbəni dəf etdi... özü də Marko van Bastenin zərbəsini! Bu o Marko van Basten idi ki, dörd il əvvəl SSRİ yığmasının qapısına vurduğu fantastik qolu ilə Niderlandı faktiki olaraq Avropa çempionu etmişdi. Şmeyxelin bu topu qaytarması Danimarka komandasının oyunçularını elə ruhlandırdı ki, onlar bütün sonrakı zərbələri dəqiq yerinə yetirib yığmanı finala çıxardılar.

Həlledici görüşdə almanların favorit sayıldığını demək yersiz olardı, amma danimarkalılar bu dəfə də proqnozları "sındırdılar". Bu gənc və istedadlı komanda (çempionatdan sonra onun oyunçularına Avropanın ən yaxşı klubları elçi düşdülər) titullu rəqibə qarşı durmaq qərarına gəldi.

"Mançester Yunayted" klubunun əfsanəsinə çevriləcək Şmeyxel inanılmaz oyun keçirdi. Müdafiə xəttində komandanın kapitanı Lars Olsen fərqlənirdi – müdafiənin inamlı oyunu hücumçulara birbaşa vəzifələrinə diqqət yetirməyə imkan verirdi. Kim Vilfort, Yon Yensen, Henrik Larsen, Flemminq Poulsen səylə rəqibin qapısına gedən yolu axtarırdılar. 18-ci dəqiqədə onların səyləri uğurla nəticələndi. Adama elə gəlirdi ki, sağ cinahda hücum boğulmuşdu, lakin zərbə mövqeyinə uğurla çıxmış Yensen bir toxunuşla topu Bodo İlqnerin qoruduğu qapıya göndərdi.

Hesabı bərabərləşdirmək üçün almanların kifayət qədər vaxtı var idi, amma fasiləyədək onlar bunu edə bilmədilər. Danimarkalılar meydanın ortasını əllərində saxlayırdılar, buna görə də Almaniya milli komandasının baş məşqçisi Berti Foqts əvəzedicilərin köməyi ilə komandasının oyununa dəyişiklik etmək qərarına gəldi. İkinci hissədə Mattias Zammerin yerinə Tomas Doll meydana çıxdı. Bunun müəyyən bir təsiri oldu, lakin Almanların status-kvonu bərpa etmək üçün bütün cəhdlərini möhtəşəm Peter Şmeyxel dəf edirdi.

78-ci dəqiqədə isə Almaniya yığmasının qapısına ikinci top daxil oldu. Vilfort əvəzetmə ilə oyuna daxil olmuş Klaus Kristiansenin pasını qəbul edərək, bir hərəkəti ilə iki rəqibini keçdi və cərimə xəttindən qarşısıalınmaz zərbə vurdu. Bu qol almanlara çox güclü təsir etdi. Qalan vaxta Şmeyxelin qapısı qarşısında təhlükəli məqamlar yarandmadı. Sonda isə isveçrəli hakim Bruno Qallerin final fiti dünyaya Danimarka yığmasının Avropa futbol taxtına çıxması barədə xəbər verdi. Oyunçuların sevinci hədsiz idi!

© AFP 2020 / PATRICK HERTZOG
Danimarka millisinin futbolçuları Avro-1992-nin finalında Almaniya üzərində qələbəni qeyd edirlər

"Yaxşı məşqçimiz, əla komandamız var idi. Layiqli oynadıq, sadəcə olaraq "pis vaqon"a düşmüşdük. Bışovets hər şeyi əla görürdü: komanda oynayırdı, şanslar yaradırdı, sadəcə bəxti gətirmirdi. Hər şey uğurla getsəydi, komanda AVRO-nun qrup mərhələsi ilə kifayətlənməyib daha çox şeyə nail ola bilərdi”, – Dobrovolski xatırlayır.

Qeyd etməliyəm ki, İsveçdə keçirilmiş Avropa çempionatı baxımlı olsa da, ilk növbədə Danimarka yığmasının gözlənilməz qələbəsi ilə yadda qaldı. Danimarka komandasının futbolçularını Avropanın ən yaxşı klublarında parlaq gələcək, futbol ictimaiyyətini isə yeni dördillik gözləyirdi: DÇ-1994 və AVRO-1996.

SSRİ-nin süqutundan sonra yaranmış müstəqil dövlətlər bundan sonra ən böyük idman yarışlarında özləri çıxış etməli idilər. Postsovet məkanında yeni yaranmış milli federasiyalara çətin iqtisadi şəraitdə çoxlu sayda təşkilati məsələləri həll etmək və eyni zamanda futbolun səviyyəsinin aşağı düşməsinə yol verməmək lazım idi.

Qarşıda çətin günlər gözlənilirdi, amma bu barədə növbəti məqaləmdə.

Fuad Məmmədov-Paşabəyli

Əlaqədar

Sümüyə düşən fəndlər: AVRO-2020-nin musiqi yığması
Andre Şürrle Xavini ən yaxşı oyunçu hesab edir
AVRO-1988: Lobanovski ilə Mixelsin böyük qarşıdurması
AVRO-2020 könüllülük proqramı: 37 mindən çox müraciət var
Kristian Karambe: hər Avropa çempionatı xüsusidir