09:46 10 Aprel 2020

AVRO-nun tarixi. Avropa futbolunun sərhədləri genişlənir

© Powered by UEFA.com. Getty Images powered by UEFA
Avro 2020
Qısa URL
6 0 0

Yeddi ölkə ilk dəfə AVRO matçlarını qəbul edəcək. Bunlar Azərbaycan, Macarıstan, Danimarka, İrlandiya, Rusiya, Rumıniya və Şotlandiyadır

BAKI, 3 mart — Sputnik. Avropa Çempionatı öz tarixi boyu futbolun sərhədlərini genişləndirib – XX əsrin 20-ci illərində Anri Delonenin arzularından 12 ölkədə keçiriləcək AVRO-2020-yədək.

1927-ci il

Fransa Futbol Federasiyasının Baş katibi Anri Delone və 30-cu illərin məşhur Avstriya yığma komandasının məşqçisi Huqo Mayzl milli komandalar arasında Avropa Kubokunun keçirilməsini təklif etdilər. FIFA təklifi rədd etdi, amma Delone ideyasından imtina etmədi.

1954-cü il

© Sputnik / Vladimir Rodionov

UEFA-nın təsisçi baş katibi Delone milli yığmalar arasında Avropa Çempionatının keçirilməsi imkanını nəzərdən keçirmək üçün 3 nəfərdən ibarət komitə təsis etdi. Komitə yeni turnirdən dünya çempionatının təsnifat mərhələsi kimi istifadə etməyi təklif etsə də, UEFA-nın 1955-ci ilin martında Vyanada baş tutmuş ilk konqresi ideyanı rədd etdi. Avropa klubları sayı artmaqda olan beynəlxalq matçlara futbolçuları buraxmağı arzulamırdılar.

1955-ci ilin noyabrı

Anri Delone vəfat etdi, lakin UEFA-nın baş katibi vəzifəsində atasını əvəz etmiş Pyer Delone milli komandalar üçün Avropa turnirinin keçirilməsi ideyasını yaşatdı. "Xoşumuza gəlir, ya yox, bu gücü saxlamaq olmaz. Əvvəl-axır Avropa turniri təşkil olunacaq. Və gec-tez assosiasiyalar onu, demək olar ki, yekdilliklə dəstəkləyəcəklər", – o bildirib.

1958-ci ilin iyunu

İyunun 4-də Stokholmda keçirilmiş UEFA Konqresi zamanı futbol üzrə Avropa Çempionatının keçirilməsi təklifi yenidən gündəmə gəldi. Lakin nahara qədər onu nəzərdən keçirmədilər. Vəziyyəti UEFA prezidenti Ebbe Şvarts xilas etdi. O, püşkatmanın iyunun 6-da İsveçdə, yəni Konqresdən iki gün sonra və elə İsveçin özündə keçiriləcək dünya çempionatının başlanmasına iki gün qalmış baş tutacağını bildirdi.

© Powered by UEFA.com.
Ebbe Şvarts

Turniri Avropa Millətlər Kuboku adlandırdılar. Şvarts çempionatın yaradılmasında Anri Delonenin rolunu qeyd etmək üçün kuboka onun adını verməyi təklif etdi. 17 assosiasiya 1958/60 turnirində iştirak üçün 200 İsveçrə frankı məbləğində iştirak haqqını ödədilər. Niderlandlılar, almanlar, italyanlar və isveçlilərlə yanaşı, dörd Britaniya millisi iştirakdan imtina etdi.

1958-ci ilin sentyabrı

Sentyabrın 28-də Moskvada Avropa Millətlər Kubokunun ilk oyunu keçirildi. 100572 tamaşaçı qarşısında SSRİ yığması 3:1 hesabı ilə Macarıstanı 1/8 finalda məğlub etdi. Turnirin tarixində ilk qolu sovet hücumçusu Anatoli İlyin oyunun dördüncü dəqiqəsində vurdu.

1960-cı il

Fransada dörd komandanın iştirakı ilə ilk turnirin finalı keçirildi. Yuqoslaviyanı Parisdəki finalda 2:1 hesabı ilə məğlub etmiş SSRİ yığması çempion oldu. Başlanğıcın əsası qoyuldu. İki il sonra ikinci turnirə artıq 29 yığma gəldi!

© Sputnik / Leonid Dorenskiy
SSRİ komandasının kapitanı İqor Netto

1966-cı il

Seçmə qrup turnirinin tətbiqi ilə Avropa Millətlər Kubokunun adı dəyişdirildi və Avropa Çempionatı adlandırıldı. Komandalar qruplardan 1/4 finala çıxırdılar və bir oyun evdə, bir oyun səfərdə keçirirdilər. Final turnirinin formatı dəyişmədi: yarımfinallar, üçüncü yer uğrunda matç və final matçı.

1976-cı il

Yuqoslaviyadakı 1976-cı il Avropa Çempionatından əvvəl UEFA təkrar final oyunlarını ləğv etdi. Bunun sayəsində tarixdə ilk dəfə 11 metrlik penaltilər seriyası keçirildi. Qızıl uğrunda qitənin çempionu Almaniya və sensasiyalı şəkildə finala çıxmış Çexoslovakiya mübarizə aparırdılar. Əlavə vaxtda 2:2 hesablı heç-heçədən sonra hakim penaltilər seriyasını təyin etdi. Uli Henes topu qapı çatının üstündən göndərdi, lakin Antonin Panenka nəfis zərbə ilə topu qapının mərkəzinə göndərdi. Üç şey ilk dəfə baş verdi:

• Çexoslovakiya Avropa çempionu oldu

• Finalın nəticəsini 11 metrlik zərbələr seriyası həll etdi

• Penaltinin ifa üslubu futbolçunun (Panenkanın) şərəfinə adlandırıldı

1978-1980-cı illər

AVRO-nun tarixində ilk dəfə olaraq komandalar final mərhələsinə birbaşa seçmə qruplardan çıxırdılar. İtaliyada baş tutmuş 1980-ci il Avropa Çempionatında səkkiz yığma iki kvartetə bölündü. Qrup qalibləri finala yüksəlirdilər, ikinci yer sahibləri isə bürünc medal uğrunda mübarizə aparırdılar.

1984-cü il

UEFA final mərhələsinin formatını yenidən dəyişdi: qrup mərhələsindən sonra yarımfinalları tətbiq etdi və üçüncü yer uğrunda oyunu ləğv etdi.

1996-cı il

Avropada dövlətlərin sayının artması və Avropa futbol ailəsinin genişlənməsi ilə UEFA İngiltərədəki AVRO-1996 öncəsi final mərhələsində iştirak edən komandaların sayını 16-ya qədər artırdı.

2007-ci il

UEFA Şotlandiya Futbol Assosiasiyasının final mərhələsini 24 iştirakçıya qədər genişləndirmək imkanını nəzərdən keçirmək xahişini qəbul etdi. Şotlandların təklifini İrlandiya, Latviya və İsveç dəstəklədi.

2016-cı il

2016-cı ildə final turnirinin iştirakçılarının sayı 16-dan 24-ə qədər artdı. UEFA Avropa futbolunun artan gücünü rəhbər tutdu və AVRO-2016 bu qərarın haqlı olduğunu göstərdi. İslandiya və Uels kimi komandalar nəinki final turnirinə ilk dəfə çıxdılar, həm də Fransadakı pley-off mərhələsinə qədər yüksəldilər.

© Sputnik / Grigoriy Sysoev
AÇ-2016 mükafatlandırma mərasimində Portuqaliya milli komandası

2020-ci il

Avropa Çempionatının 60 illiyini qeyd etmək üçün UEFA final turnirinin bir və ya iki ölkədə keçirilməsi ənənəsindən imtina etmək qərarına gəldi. AVRO-2020-nin matçları bütün Avropa üzrə 12 şəhərdə keçiriləcək.

Yeddi ölkə ilk dəfə Avropa birinciliyinin oyunlarını qəbul edəcək. Bunlar Azərbaycan, Macarıstan, Danimarka, İrlandiya, Rusiya, Rumıniya və Şotlandiyadır.

Əlaqədar

Eden Azar zədəyə görə AVRO-2020-ni buraxa bilər
AVRO-1988: Lobanovski ilə Mixelsin böyük qarşıdurması
AVRO-2020 könüllülük proqramı: 37 mindən çox müraciət var
Smartfonun olmaması bilet alanların AVRO-nun oyunlarına daxil olmasına mane olmayacaq
Filipp Lam: AVRO-2008-in finalındakı məğlubiyyət bizə daha da gücü olmağa kömək etdi