Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakı Olimpiya Stadionu mayda AVRO-2020-yə hazır olacaq – Arenanın direktoru

© Sputnik / Murad OrujovБакинский Олимпийский Стадион
Бакинский Олимпийский Стадион - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev futbol üzrə 2020-ci il Avropa Çempionatının başlanmasına 100 gün qalmış Sputnik Azərbaycan-a AVRO-nun dörd matçına ev sahibliyi edəcək arenanın hazırlığı haqqında danışıb.

 

BAKI, 4 mart — Sputnik, Teymur Tuşiyev. Bakı Olimpiya Stadionu mayın ortalarında 2020-ci il futbol üzrə Avropa Çempionatının oyunlarına 100 faiz hazır olacaq. Bunu Sputnik Azərbaycan-la müsahibəsində stadionun direktoru Cavid Qarayev deyib.

Bu gündən etibarən AVRO-2020-nin başlamasına artıq 100 gün qalır. Qeyd edək ki, çempionat iyunun 12-dən iyulun 12-dək keçiriləcək. Bakının Olimpiya Stadionunda "A" qrupunun üç oyunu – İsveçrə-Uels (iyunun 13-də), Türkiyə-Uels (iyunun 17-də) və Türkiyə-İsveçrə (iyunun 21-də), eləcə də dörddəbir final oyunlarından biri (iyulun 4-də) keçiriləcək.

Sputnik Azərbaycan-la müsahibəsində Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev paytaxt arenasının qitənin futbol birinciliyinin başlanmasına 100 gün qalmış hazırlığından danışıb. O, xüsusilə qeyd edib ki, arenanın hazırlığı nəzərdə tutulmuş qrafikə uyğun gedir: "Hazırda stadionun ərazisində tamaşaçılar üçün yeni keçid məntəqələri tikilir ki, bu da onlar üçün müəyyən rahatlıq yaradacaq. Əvvəllər biletlərin yoxlanılması çadırlarda həyata keçirilirdi. İndi biz bu məqsədlər üçün kiçik qurğular tikirik. Özü də bu, yüngül konstruksiyadır və heç bir problem olmadan quraşdırılır".

Bakı Olimpiya Stadionunun ərazisində tamaşaçılar üçün yeni keçidlərinin tikintisi bu il mayın əvvəlində başa çatacaq.

"Ümumiyyətlə, hər şey qrafik üzrə gedir, hansısa texniki məqamlar həll olunur, haradasa rəngləmə aparılır. Yəni, biz AVRO-2020 ərəfəsində stadionun abadlaşdırılmasını həyata keçiririk", – arenanın direktoru bildirib.

Qarayev həmçinin qeyd edib ki, mayın ortalarında Bakı Olimpiya Stadionu AVRO-2020-nin oyunlarının keçirilməsinə tam hazır olmalıdır.

"Mayın 15-nə kimi stadion futbol üzrə Avropa Çempionatının oyunlarına 100 faiz hazır olmalıdır və bütün işlər başa çatdırılmalıdır", – Qarayev vurğulayıb.

Bu yaxınlarda AVRO-2020-nin oyunları keçiriləcək arenaya "A" qrupunda oynayacaq Türkiyə, İsveçrə və Uels milli komandaların nümayəndə heyətləri, eyni zamanda, milliləri dörddəbir final mərhələsində Bakıda oynaya biləcək İngiltərə, Almaniya və Niderland yığma komandalarının nümayəndələri baş çəkiblər.

"Bakı Olimpiya Stadionu dəfələrlə beynəlxalq oyunlara, o cümlədən Avropa Liqasının finalına ev sahibliyi etdiyi üçün xarici nümayəndə heyətlərinin arena ilə bağlı heç bir şikayəti olmayıb. Kiçik texniki məqamlar qalıb, yəni stadionun ərazisində əsaslı dəyişikliklər baş verməyəcək", – Qarayev qeyd edib.

UEFA nümayəndələri də artıq Bakıda olublar, lazımı baxış keçiriblər və öz tövsiyələrini veriblər.

Onu da qeyd etmək lazımdır ki, stadionun ərazisində AVRO-2020-nin matçları zamanı könüllü olacaq gənclərlə iş üzrə mərkəz də fəaliyyət göstərir.

"Könüllülər hər gün Bakı Olimpiya Stadionunun ərazisində yerləşən könüllülük mərkəzində qeydiyyatdan keçirlər, Avropa Çempionatının oyunları zamanı işə hazırlıq aparırlar. Yəni, qarşıdan gələn tədbirə planlı və hərtərəfli hazırlıq gedir", – Qarayev əlavə edib.

Xəbər lenti
0