10:11 10 Aprel 2020
Futbol üzrə SSRİ yığması AVRO-1960-ın finalında qələbədən sonra

AVRO-1960. Nələri bilmək lazımdır

© Sputnik / Leonid Dorenskiy
Avro 2020
Qısa URL
1410

Tarixdə ilk Avropa Çempionatı SSRİ yığmasının qələbəsi ilə başa çatıb. Qalibiyyətə görə isə hər sovet futbolçusu 200 dollar alıb

BAKI, 10 mart — Sputnik.

AVRO-1960-ın qalibi kim olub?

Birinci Avropa Millətlər Kubokunun finalında SSRİ yığması Yuqoslaviyanı 2:1 hesabı ilə məğlub edib. 17966 azarkeşin iştirakı ilə "Park de Prens" stadionunda keçirilmiş oyunda həlledici topu Rostovun "SKA" klubunun 23 yaşlı hücumçusu Viktor Ponedelnik vurub. Belə ki, fasilədən əvvəl Milan Qaliç yuqoslavları irəli çıxarıb, amma Slava Metreveli hesabı bərabərləşdirib, Lev Yaşin isə görüşü əlavə vaxtda aparmaq üçün hər şeyi edib.

Ponedelnikin baş zərbəsi ilə vurduğu qol isə Olimpiya çempionlarına həm də Avropanın qızıl medalını gətirməklə, təkrar oyun zərurətini aradan qaldırıb. Ponedelnik "UEFA.com" saytına sonradan bildirib: "Biz tarixdə ilk Avropa çempionları olduq. Əminəm ki, bu cür şanlı anları heç kəs unutmur: nə azarkeşlər, nə də futbolçular. Mənim üçün 113-cü dəqiqədə vurduğum həmin qol karyeramda ən vacib qol idi. Bu, bütün həyatımın ulduz anı idi".

Сборная СССР - триумфаторы Чемпионата Европы 1960 года
© Sputnik / Николай Волков
Futbol üzrə SSRİ yığması, 1960-cı il

AVRO-1960-ın ən sərrast oyunçusu kim idi?

Beş futbolçu hərəsi iki qol vurub:

Milan Qaliç (Yuqoslaviya)

Fransua Ott (Fransa)

Valentin İvanov (SSRİ)

Drajan Yerkoviç (Yuqoslaviya)

Viktor Ponedelnik (SSRİ)

İki futbolçu hərəsi təsnifatda beş qol vurub:

Titus Bubernik (Çexoslovakiya)

Jüst Fonten (Fransa)

AVRO-1960 harada keçirilib?

İlk Avropa Millətlər Kubokunun final mərhələsi Fransada baş tutub. Parisin "Park de Prens" stadionu yarımfinalı və finalı qəbul edib. İkinci yarımfinal və üçüncü yer uğrunda oyun Marselin "Velodrom" stadionunda keçirilib. Bundan dörd il əvvəl "Park de Prens"də baş tutmuş Avropa Çempionları Kubokunun finalında "Real" 4:3 hesabı ilə "Reyms"i məğlub etmişdi. Həmin oyunu və ilk Avropa Çempionatının final matçını eyni hakim – ingiltərəli Artur Ellis idarə edib.

© AP Photo /
İngiltərəli futbol hakimi Artur Ellis (sağda)

AVRO-1960-ın çempionunun məşqçisi kim idi?

Qavriil Kaçalin sovet futbolunun tarixində ən uğurlu məşqçilərdən biri olub. O, yığma ilə ilk Avropa Çempionatını qazanıb, bundan dörd il əvvəl isə komandanı Olimpiadanın qızıl medalına çıxarıb. Kaçalin həmçinin SSRİ-ni 1958-ci, 1962-ci və 1970-ci illərdə dünya çempionatlarının final mərhələsinə gətirib. O, özünü klub səviyyəsində də göstərərək Tbilisi "Dinamo"sunu 1964-cü ildə SSRİ çempionu edib.

AVRO-1960 çempionlarının kapitanı kim idi?

1960-cı ildə sovet yığmasının kapitanı "Spartak" klubunun yarımmüdafiəçisi İqor Netto idi. O, bundan dörd il əvvəl Melburnda olimpiya qızılını qazanmışdı. O, beşqat SSRİ çempionu və ölkə kubokunun üçqat sahibi olub, eləcə də həm futbol meydançasında, həm də onun hüdudlarından kənarda alicənab davranışı ilə yadda qalıb. Bunun ən parlaq nümunəsi DÇ-1962-də Uruqvayla matçda baş verib. Sovet futbolçuları qapı torunun xaricində əmələ gəlmiş dəlikdən rəqibə qol vurublar, hakim də bunu görməyib və qolu qeydə alıb. Lakin Netto hakimə yaxınlaşaraq qolun qaydalara uyğun olmayaraq vurulduğunu izah edib və bundan sonra qol ləğv olunub.

"Həyatda Netto çox təvazökar və utancaq bir adam idi, lakin həmişə öz fikirləri var idi və sonuna qədər fikirlərini müdafiə edirdi. Heç də təsadüfi deyil ki, yığmamızın ən şanlı qələbələri İqor Netto ilə birbaşa bağlıdır", – Ponedelnik qeyd edib.

© AFP 2020 / IAN LANGSDON
SSRİ millisinin hücumçusu Viktor Ponedelnik (sağda) AVRO-1960-ın yarımfinalında Çexoslovakiya komandasına qarşı oyunda

AVRO-1960 hansı formatda oynanılıb?

Dörd yığmanın iştirakı ilə final mərhələsi 1960-cı il iyulun 6-dan 10-dək Fransada keçirilib. "Park de Prens"dəki ilk yarımfinalda iki topla irəlidə olan ev sahibləri sonda Yuqoslaviyaya 4:5 hesabı ilə məğlub olublar. Elə həmin axşam baş tutmuş digər matçda SSRİ yığması Çexoslovakiya üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb. İyulun 9-da Marseldə üçüncü yer uğrunda baş tutmuş oyun çexoslovakiyalıların fransızlar üzərində 2:0 hesablı qələbəsi ilə başa çatıb, bir gün sonra isə sovet yığması finalda yuqoslaviyalıları məğlub edib.

AVRO-1960-da neçə komanda çıxış edib?

Final mərhələsində dörd yığma iştirak edib, təsnifatda isə cəmi 17 komanda oynayıb. İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya yarışa maraq göstərməyərək niderlandlılar, italiyalılar və dünya çempionu almanlarla birlikdə turnirdə iştirakdan imtina ediblər.

AVRO-1960-ın təsnifat mərhələsi necə keçirilib?

İlk AVRO-da pley-off formatından istifadə edilib. Belə ki, ilkin raundun yeganə görüşü iştirakçıların sayını 16-yadək azaldıb. Bundan sonra komandalar cütlərə bölünərək iki matçlı qarşılaşmalarda münasibətləri aydınlaşdırıblar. İkinci dövrənin qalibləri isə Fransadakı final mərhələsinə vəsiqə qazanıblar (İspaniya siyasi səbəblərdən SSRİ ilə oynamaqdan imtina edib).

© AFP 2020 / STAFF
Yuqoslaviya millisinin qapıçısı Vidiniç AVRO-1960-ın finalında SSRİ yığması ilə oyunda

AVRO-1960-ın simvolik komandasına kimlər daxil olub?

Q: Lev Yaşin (SSRİ)

M: Vladimir Durkoviç (Yuqoslaviya)

M: Ladislav Novak (Çexoslovakiya)

YM: İqor Netto (SSRİ)

YM: Yozef Masopust (Çexoslovakiya)

YM: Valentin İvanov (SSRİ)

H: Slava Metreveli (SSRİ)

H: Milan Qaliç (Yuqoslaviya)

H: Viktor Ponedelnik (SSRİ)

H: Draqoslav Şekularats (Yuqoslaviya)

H: Bora Kostiç (Yuqoslaviya)

© AFP 2020 / STAFF
SSRİ və Yuqoslaviya millilərinin futbolçuları AVRO-1960-ın finalında

Avropa Çempionatında ilk qolu kim vurub?

AVRO finalları tarixində ilk qolu Yuqoslaviya yığmasının hücumçusu Milan Qaliç vurub. O, fransızlarla yarımfinal görüşünün 11-ci dəqiqəsində hesabı açıb. Bir dəqiqə ərzində Jan Vensan bərabərliyi bərpa edib, lakin Yuqoslaviya sonda 5:4 hesabı ilə qələbə qazanıb. Qaliç AVRO-1960-ın hər raundunda qol vurub, 1966-cı ildə isə "Partizan"la birlikdə Avropa Çempionlar Kubokunun finalına qədər irəliləyib. Brüsseldə belqradlılar "Real"a 1:2 hesabı ilə uduzublar.

Təsnifatda ilk qolu irlandiyalı Liam Tuohi vurub. Onun komandası 1959-cu il aprelin 5-də ilkin raundun Dublində baş tutmuş oyununda çexoslovakiyalıları 2:0 hesabı ilə məğlub edib. Lakin mayın 10-da Praqada keçirilmiş cavab görüşündə Çexoslovakiya 4:0 hesabı ilə qalib gəlib. Gələcəkdə İrlandiya yığmasının məşqçisi olacaq Tuohi həmin vaxt "Ginness" pivə zavodunda işləyirdi və paralel olaraq "Şemrok Rovers" klubunda oynayırdı.

Avropa Çempionatını kim fikirləşib?

Fransa Futbol Federasiyasının Baş katibi Anri Delone hələ 1927-ci ildə FIFA-ya yığma komandalar üçün Avropa turnirinin keçirilməsi ideyasını təklif edib. 1954-cü ildə UEFA-nın birinci baş katibi olduqdan sonra o, öz fikrinə qayıdıb. Anri Delone 1955-ci ildə vəfat edib, lakin elə həmin il onun oğlu Pyer Avropa Millətlər Kuboku Təşkilat Komitəsinin katibi olub. Turnirin əsas kuboku Anri Delonenin adına layiq görülüb. Turnirdə iştirak haqqı hər komanda üçün cəmi 200 İsveçrə frankı idi.

© AFP 2020 / STAFF
Fransa Futbol Federasiyasının sabiq Baş katibi Anri Delone

AVRO-1960 haqqında beş fakt

• Yuqoslaviyanın yarımfinalda Fransa üzərində 5:4 hesablı qələbəsi AVRO-nun final mərhələlərinin tarixində ən məhsuldar oyun olaraq qalır.

• Fransada keçirilmiş turnirdə hər matç üzrə orta nəticə 4,25 qol olub. Bu, çempionatın bütün matçları arasında rekord göstəricidir.

• Bürünc medal uğrunda oyunda Çexoslovakiya üçün qol vurmuş Vlastimil Bubnik 1964-cü il Olimpiadasında şaybalı hokkeydə bürünc medal qazanıb.

• "Qızıl" qolu vurmuş Ponedelnik deyib: "Final Moskva vaxtı ilə bazar günü saat 22-də başladı, əlavə vaxt isə artıq gecə yarısı oynanılırdı, yəni, bazar ertəsi günü. Bununla bağlı jurnalistlər sonradan mənim soyadımı (rusca "ponedelnik" bazar ertəsini bildirir – red.) başlıqlarda necə gəldi oynatdılar!"

• Qalibiyyətə görə hər sovet futbolçusu 200 dollar alıb. Eyfel qülləsindəki restoranda baş tutmuş ziyafətdə "Real"ın prezidenti Santyaqo Bernabeu da iştirak edib. "O, komandamızın yarısını dərhal almağa hazır idi. Lakin biz bu söhbətlərdən qaçırdıq", – Ponedelnik xatırlayıb.

Əlaqədar

UEFA eAVRO-2020 üçün təsnifat mərhələsi bu gün başlayır
Bakı Olimpiya Stadionu mayda AVRO-2020-yə hazır olacaq – Arenanın direktoru
Kevin de Brüyne: “Ümid edirəm, Belçika mükafat uğrunda mübarizə apara biləcək”
Kazbek Tuayev: AVRO-2020-nin Bakıdakı matçları Avropa Liqası finalını geridə qoyacaq
Tarixin izləri: Avropa futbol çempionatlarının ən yaxşı görüntüləri