21:48 04 Avqust 2021
Şenol Günəş, arxiv şəkli

Şenol Günəş: Türkiyə millisinin məğlubiyyətinin günahı məndədir

© REUTERS / VALENTYN OGIRENKO
Avro 2020
Qısa URL
16 0 0

Türkiyə və Uels yığmalarının baş məşqçiləri AVRO-2020-nin qrup mərhələsində komandaları arasında keçirilmiş oyun barədə fikirlərini bölüşüblər.

BAKI, 17 iyun — Sputnik. Türkiyə millisinin baş məşqçisi Şenol Günəş komandasının AVRO-2020 qrup mərhələsinin ikinci turunda Uels yığmasına məğlub olmasına görə məsuliyyəti öz üzərinə götürüb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Günəş oyundan sonrakı mətbuat konfransında deyib.

Çərşənbə günü, iyunun 16-da Bakı Olimpiya Stadionunda AVRO-2020 qrup mərhələsinin ikinci turunda Türkiyə və Uels milliləri qarşılaşıb. Uelslilər 2:0 hesabı ilə qələbə çalıblar. Qolları Aron Remsi və Konnor Roberts vurublar.

Türkiyə futbolçuları özlərini itirirdilər

Oyundan sonrakı mətbuat konfransında Türkiyə millisinin baş məşqçisi komandada itkilərin çox olmasını bəhanə gətirib.

"Bizim çoxlu itkilərimiz var idi ki, bu da çox ehtiyatla oynayan rəqibimizin xeyrinə oldu. İtaliya və Uels yığmaları ilə oyunda biz rəqiblərimizin təzyiqi ilə qarşılaşdıq. Biz güclü rəqiblərə uduzmuşuq", - deyə Günəş bildirib.

Məşqçi Türkiyə millisində oynayanların cavan olduqlarını deyərək, məğlubiyyətin günahını tamamilə öz üzərinə götürüb.

"Komandamız çox gəncdir, ona görə də çoxlu səhvlərə yol verirdik. Rəqib isə oyunun tempini aşağı salmağa çalışırdı. Bu sahədə Uels yığmasının qapıçısı çox uğurlu oldu. Rəqib bizim qapıya yaxınlaşanda oyunçularımız özlərini itirirdilər. Buna baxmayaraq, məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Halbuki, bəzi oyunçular daha yaxşı oynaya bilərdilər", – deyə Günəş bildirib.

Uelslilərin liderləri

Öz növbəsində Uels yığmasının baş məşqçisi Rob Peyc öz yetirmələri ilə fəxr etdiyini dilə gətirib.

"Futbolçularımızla fəxr edirəm. Biz yaxşı oynadıq. Qaret Beyl penaltidən qol vurmadığına rəğmən əla oynadı. O kapitan sarğısını boşuna taxmır, o, komandanın əsl lideridir. Konnor Robertsi də qeyd etmək istərdim, o da hazırda əla formadadır", - deyə Peyc bildirib.

Baş məşqçi həmçinin komandasının İtaliya ilə oyundan da xalla ayrılacağına ümidvar olduğunu deyib.

"Hələ ki İtaliya millisinə qarşı oyuna dair planımız yoxdur. Buna baxmayaraq, italyanlarla oyunda da xal qazanmağa çalışacağıq. İndi mən ən xoşbəxt uelsliyəm. Qələbəyə görə bütün futbolçulara minnətdarlıq bildirmək istəyirəm", - deyə Peyc bildirib.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda İsveçrə-Uels (1:1) və Türkiyə-Uels (0:2) oyunları artıq keçirilib. Bundan əlavə qarşıda İsveçrə-Türkiyə (20 iyun) qarşılaşması var. İyulun 3-də isə AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.