20:54 30 İyul 2021
Şenol Günəş, arxiv şəkli

Şenol Günəş: Türkiyə millisi AVRO-2020-də ən yaxşı oyununu keçirdi

© REUTERS / ALBERTO LINGRIA
Avro 2020
Qısa URL
9 0 0

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş yetirmələrinin Avropa çempionatındakı çıxışları ilə bağlı fikirlərini dilə gətirib.

Türkiyə millisinin AVRO-2020-də keçiridiyi son oyun komandanın çempionatdakı ən yaxşı oyunu idi. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş oyundan sonrakı mətbuat konfransında deyib.

Bazar günü, iyunun 20-də Türkiyə millisi Bakıda AVRO-2020-nin qrup mərhələsi çəçivəsində İsveçrə komandasına qarşı oyunda məğlubiyyətə uğrayaraq turnirdə çıxışlarını başa çatdırıb.

Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi məyusluğunu gizlətməyib.

"Biz məyusuq, çünki qrup mərhələsini adlamaq istəyirdik və hesab edirdik ki, buna qadirik. Lakin alınmadı. Biz bu gün əvvəlki oyunla müqayisədə daha yaxşı oynadıq, ən yaxşı oyunumuzu oynadıq. Çoxlu qol vəziyyətləri yaratdıq, lakin onları reallaşdıra bilmədik. Rəqibimiz isə öz şansından istifadə etdi", - deyə Günəş bildirib.

Baş məşqçi onu da bildirib ki, hazırkı turnir onun yetirmələri üçün əsl imtahan olub və o, ən azı, 1/8 finala çıxmağa ümid edib.

"Komandamız gəncdir və hazırkı oyunçular komandanın gələcək on il üçün özəyini təşkil edəcəklər. Bundan əlavə, bəzi oyunçular fiziki cəhətdən yaxşı hazırlaşmamışdılar, çünki yığmaya mayın 25-26-sı qoşulmuşdular. Onları turnirə bu cür az vaxt ərzində hazırlamaq sadəcə olaraq mümkün deyildi", - deyə Günəş bildirib.

İstefa verib-verməyəcəyinə gəldikdə isə baş məşqçi bu suala cavab verməkdən imtina edib.

"Mən AVRO-2020-də öz işim barədə hesabat verəcəyəm. Lakin sizə deyil, Türkiyə Futbol Federasiyasının rəhbərliyinə. Mən bu nəticəyə görə məsuliyyətimi anlayıram. İstefaya gedəcəyəm, ya işimizi davam etdirəcəyik – buna baxarıq", - deyə Günəş əlavə edib.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya Stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə, iyulun 3-də burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.