02:56 06 Avqust 2021
Almaniyalı Robin Qosens, Avro-2020 F qrupunda Portuqaliya - Almaniya matçında qol vurur

Qitə birinciliyinin ilk səkkizliyinə hansı komandalar düşəcək?

© AP Photo / Matthias Schrader
Avro 2020
Qısa URL
331510

Avropa çempionatının 1/8 finalının nəticələri barədə fikirləri ilə oxucularla Sputnik Azərbaycan-ın köşə yazarı Fuad Məmmədov-Paşabəyli bölüşür.

Hörmətli futbol həvəskarları, bu gün biz on altıncı Avropa çempionatının pley-off oyunlarının birinci mərhələsini müşahidə edirik. Ümumilikdə qrup mərhələsi obyektiv olaraq güclüləri aşkara çıxarıb və "Köhnə dünya"nın səkkiz cüt parlaq komandası öz aralarında qitənin ən güclü səkkiz komandası sırasına düşməyə və 1/4 finalda mübarizəni davam etdirməyə kimin layiq olduğunu müəyyən etməlidir.

Sözsüz ki, bizim hər birimizin kiməsə rəğbəti, ənənəvi olaraq azarkeşlik etdiyi komandalar, habelə qrup mərhələsində sürətli oyunu ilə bizim xoş münasibətimizi qazanmış yığmalar da var. Lakin gəlin obyektiv yanaşmanı subyektiv qavrayışdan üstün tutaq və qarşıda bizi gözləyən pley-off mərhələsinin səkkiz oyununu təhlil etməyə çalışaq. Halbuki, bu çox faydasız və təhlükəli işdir. Amma yenə də risk edib, 1/8 finalın nəticələrinə dair fikir bildirək…

Uels-Danimarka

Pley-off mərhələsi Amsterdamda məhz bu yığmaların qarşılaşması ilə başlayır. Hər iki komanda qrup mərhələsinin nəticələrinə görə çox yaxşı təəssürat yaradıb. Komandaların gücü təqribən bərabərdir. Bununla yanaşı qeyd edək ki, Danimarka yığması daha yaxşı balanslaşdırılmış komandadır və qrup mərhələsində oyundan-oyuna onların səviyyəsi artmağa doğru gedib. Belə bir faktı yada salaq. 1992-ci ildə İsveçdə keçirilən Avropa çempionatında danimarkalılar möcüzə yaratdılar! Heç kimə məlum olmayan Danimarka futbolçuları parlaq futbol nümayiş etdirərək qitə çempionatı adını qazandılar. Həmin birincilikdən sonra bu yığmanın oyunçularını Avropanın aparıcı klubları cəlb etdilər. Həmin gözəl yığmanın qapısını çox mahir qapıçı olan Peter Şmeyxel qoruyurdu. İndi isə danimarkalıların qapısını İngiltərənin "Lester" klubunun qapıçısı Kasper Şmeyxel qoruyur. O, komanda yoldaşları ilə birlikdə dahi sələflərinin 29 il əvvəlki uğurlarını təkrar etməyə çox ümidlidir.

Uels yığmasının danimarkalılar qədər şanlı tarixi yoxdur. Onların ən yaxşı nailiyyəti Fransada keçirilən ötən qitə birinciliyində olub ki, burada da uelslilər yarımfinala qədər qalxıblar. Lakin komandanın tərkibində dünya futbolunun super ulduzu Qaret Beyl və ondan heç də geri qalmayan Aaron Remzi var. Bu duet öz imkanlarını qrup mərhələsində əyani surətdə nümayiş etdirib. Düşünürəm ki, danimarkalıların məşqçi heyəti bu rpoblemi aydın surətdə görür və artıq öz oyunçularına onun həlli yollarını təklif edib. Lakin danimarkalıların uelslilərin ulduz cütlüyü məsələsini müzakirə edəcəyində Uels komandasının məşqçiləri də əmindir. Aydındır ki, onların bu halda uelslilərin nə etməli olduğu ilə bağlı hansısa hazırlıqları var.

Belə bir əhəmiyyətli fakt da var ki, Uels yığmasının azarkeşlərini Amsterdama buraxmayıblar. Səbəb isə pandemiya və futbol həvəskarları üçün bəzi yumşalmaların bu yaxınlarda Avropa İttifaqını tərk etmiş Böyük Britaniya vətəndaşlarına şamil olunmadığı göstərilib.

Odur ki, stadionda Danimarka yığmasına güclü dəstək olacaq, Uels yığması isə azarkeşsiz qalıb. Lakin uelslilərin milli xüsusiyyətlərini nəzərə almaq lazımdır. Uelsin tərs futbolçularını bu fakt bir az da qızışdıracaq. Sərt Uels gəncləri ölkələrinin vətəndaşlarının futbol qürurunu qorumaq üçün əllərindən gələni edəcəklər.

Danimarkalıların hazırda yüksəlişdə olmasına baxmayaraq, mən oyunun gedişatını bu cür görürəm: əgər ilk 15-20 dəqiqə ərzində uelslilər qapılarının toxunulmazlığını qoruyub saxlaya bilsələr, o zaman sonda oyundan qalib ayrıla biləcəklər.

İtaliya-Avstriya

Avstriya millisi qrup mərhələsində özünü yaxşı göstərdi. Komanda Şimali Makedoniya millisindən güclü çıxdı, ukraynalıları sürət sayəsində geridə qoydu. Lakin mahir Niderland komandasına, sözsüz ki, məğlub oldu. Bu nədən xəbər verir? Deməli, avstriyalıların ustalıq səviyyəsi Avropa futbolunun qrandları ilə qarşıdurma üçün kifayət deyil. İtaliya millisinin isə sürəti heç də onlardan az deyil, oyun səviyyəsi isə avstriyalılardan müqayisə olunmayacaq dərəcədə yüksəkdir. Bu oyunda gözlənilməz nəticə ola bilər. Bunun üçün avstriyalılar öz tarixində ən yaxşı, italyanlar isə ən pis oyunlarını oynamalıdırlar. Amma düşünürəm ki, bu baş verməyəcək və 1/4 finala "Skuadra Adzurro" çıxacaq.

Niderland-Çexiya

Bu cütlükdə hər şey elə də asan deyil. Bəli, "narıncılar" qrup mərhələsində atəşli oyun nümayiş etdiriblər və komandanın heyətində çox gözəl oyunçular var. Lakin çexlər də "az aşın duzu" deyillər və çox etibarlı və ciddi komandaya malikdirlər. Onların qrup mərhələsində o qədər də parlaq oyun nümayiş etdirməməsi isə ayrı məsələdir. Lakin çexlərin əvvəlki qitə birinciliklərində çıxışlarını nəzərə alsaq, belə bir nəticəyə gəlmək olar ki, çexlər istənilən an "atəş" açmağa hazırdırlar.

Niderland da, Çexiya da (o vaxt Çexoslovakiya) Avropa çempionu olublar. "Narıncılar" buna 1988-ci ildə nail olublar. Marko van Basten və Rud Qullitin nəsli finalda çox gözəl komanda olan və tərkibində Dasayev, Xidiyatulin, Çivadze, Belanov, Bloxinin olduğu SSRİ yığmasına qalib gəliblər.

Çexoslovaklar isə 1976-cı ildə Almaniya Federativ Respublikası komandasını məğlub edərək qitə birincisi olublar.

Həmin yığmanın başında Antonin Panenka dururdu. Bundan iyirmi il sonra, 1996-cı ildə İngiltərədə keçirilən çempionatda Pavel Nedvedin liderliyi altında Çexoslovakiya millisi yenə ən güclü olmağa cəhd etdi. Lakin finalda onların qarşısını almanlar kəsdilər.

Bundan əlavə Çexoslovakiya və Çexiya milliləri dəfələrlə qitə birinciliyinin yarımfinalçısı da olublar. Odur ki, çexlərin tarixçəsi "zanbaqlar ölkəsi" komandasının tarixçəsindən daha zəngindir. Onlar ənənəvi olaraq Avropa çempionatlarında uğurla çıxış edirlər.

Belə deyək: əgər niderlandlılar çexləri açıq oyuna təhrik edə bilsələr, o zaman qələbə birmənalı olaraq "narıncıların" tərəfində olacaq. Yox, əgər meydanda oyun sürünən xarakterdə getsə, bu zaman çexlər güclü çıxacaqlar. Amma yenə də Niderland yığması daha şanslı görünür.

Belçika-Portuqaliya

Hazırkı Avropa çempionları FİFA reytinqinə görə dünyanın ən güclü komandasına qarşı. İstərdim ki, bu qarşılaşma 1/8 finaldan daha gec baş versin. Amma nə etməli?! Əvvəlki qitə birinciliyində portuqaliyalıların qələbəsini bir çoxları komandanın baş məşqçisi Fernandu Santuşun düşünülmüş strategiyası ilə əlaqələndirdilər (mən də o cümlədən). O elə indi də portuqaliyalılara rəhbərlik edir, lakin qeyd etməliyəm ki, hazırkı çempionatda Ronaldu qalib olduqları ötən birinciiyə nisbətən daha yaxşı formadadır. Amma belçikalıların de Brüyne də başda olmaqla heyrətamiz komanda heyəti var. Düşünürəm ki, bu dəfə portuqaliyalılar hər şeyə rəğmən qitənin ən güclüsü adını üstlərindən atacaqlar. Mənim favoritim Belçika komandasıdır.

Xorvatiya-İspaniya

Hər iki yığma heç də yaxşı dövrünü yaşamır. Mən istər bu, istərsə də digər komandanın imkanlarına şübhə ilə yanaşıram. Lakin tale onları 1/8 finalda üz-üzə qoyub və bunu bəxti gətirmək kimi də dəyərləndirmək olar: belə ki, bu cütlükdən kimsə istənilən halda mübarizəni davam etdirəcək. Slovakiya komandası ilə son oyunda İspaniya millisi yaxşı oyun nümayiş etdirdi, lakin xorvatlar slovaklar deyillər. Pireneylilərin heyətində aşkar gözəçarpan, həmkarlarını ilhamlandırıb ardınca apara biləcək lider yoxdur. Balkanlıların isə belə bir oyunçusu var, bu, çox təcrübəli Luka Modriçdir. Bu cütlüyün, demək olar ki, gücünün bərabər olmasına baxmayaraq, bu fakt həlledici əhəmiyyət kəsb edə bilər.

Fransa-İsveçrə

İsveçrəlilər yaxşı komandadır, amma onları sırf orta səviyyəli adlandırmaq olar, bundan artıq yox. Onların hazırkı dünya çempionları ilə qol güləşdirməyə heç bir gücü yoxdur. Birmənalı olaraq fransızlar qalib gələcəklər.

İngiltərə-Almaniya

Axı bu necə oldu ki, bu cür komandalar 1/8 finalda qarşılaşdılar? Amma bunda bir qanunauyğunluq da var. Çünki məhz elə bu cütlük qrup mərhələsində bəzən çox natamam futbol nümayiş etdirdi. Bilirsinizmi, bu komandaların qarşılaşma tarixi kifayət qədər zəngindir. Mən onların 1966-cı ildə "Uembli"dəki oyununu xatırlayıram. Futbolun yaradıcıları məhz elə həmin il tarixlərində ilk dəfə dünya çempionu olublar. Bu yığmaların kifayət qədər qəliz olan münasibətləri barədə çox danışmaq olar, lakin gəlin xatirələri bir kənara qoyub fikirlərimizin əsas mövzusuna qayıdaq.

Məlum lduğu kimi, hazırkı qitə birinciliyindən sonra Almaniya millisinin baş məşqçisi Yoahim Löv yığmanın rəhbəri kimi karyerasını başa vurur. Düşünürəm ki, o özü də, ona dərin hörmətlə yanaşan komanda üzvləri də çoxillik ustadlarını oyunda uğursuzluqla məyus etməmək üçün əllərindən gələni edəcəklər.

Bir çoxları qeyd edirlər ki, ingilislərin baş məşqçisi Qaret Sautgeyt komandasını bir qədər sonraya saxlayıb və ümid edirlər ki, komanda pley-off mərhələsində özünü göstərəcək. Mən belə düşünmürəm. Amma əgər bu ehtimallar özünü doğrultsa, o zaman Sautgeyt İngiltərənin futbol tarixində Alf Remzi qədər əhəmiyyətli bir yer tutacaq. Yox əgər bu baş verməsə, ingilislər məğlub olacaqlar. Qrupda birinci yer tutmaqlarına baxmayaraq, almanlarla müqaisədə onların oyunu nəzərəçarpacaq dərəcədə solğundur.

İsveç-Ukrayna

Ah, nə gözəl oyun gözləyir bizi! Düşünürəm ki, Andrey Şevçenko öz yetirmələri ilə birlikdə avstriyalılara məğlubiyyətdən sonra lazımi nəticələr çıxarıb. Düzdür, ukraynalıların fiziki hazırlığında bəzi boşluqların olduğu nəzərə çarpır, oyun bir qədər yüksək sürətlə davam etdikdə onlar özlərini bir qədər narahat hiss edirlər. İsveçlilər ənənəvi olaraq yüksək fiziki hazırlığa malikdirlər və sürətləri də yaxşıdır. Bütün bunları bilərək, Ukrayna millisinin məşqçi heyəti rəqibin qarşısını almaq üçün variantlar tapmalıdır. Düşünürəm ki, müdafiədə çox diqqətli oynasalar, isveçlilərin sürətli hücumçularına, xüsusilə də Forsberqə oynamaq üçün imkan verməsələr, bu mümkündür. Mənə elə gəlir ki, Şevçenko müdafiədən hücuma sürətli keçid məsələsini həll etməlidir. Bunun üçün onların heyətində gözəl oyun nümayiş etdirən Yarmolenko və "harada aş, orada baş" olan Yaremçuk var. Yarımmüdafiəçilərin oyunundan çox şey asılı olacaq. Əgər Zinçenko və Malinovski özlərini toplayaraq bütün bacarıqlarını nümayiş etdirsələr, ukraynalılar 1/4 finala vəsiqə alacaqlar. Əks təqdirdə isveçlilər güclü çıxacaqlar.

Hörmətli futbol həvəskarları, əvvəl də dediyim kimi, proqnozlar faydalı bir məşğuliyyət deyil, xüsusilə də, Avropa çempionatları tarixinin dopdolu olduğu gözlənilməz halları və sensasiyaları nəzərə alsaq. Lakin biz sizinlə komandaların qrup mərhələsində nümayiş etdirdikləri oyun keyfiyyətinə, habelə bəzi tarixi və psixoloji aspektlərə əsaslanaraq fikir yürütməyə çalışdıq. Bizim nə dərəcədə haqlı olub-olmadığımızı oyunlar göstərəcək, biz isə azalmayan maraq hissi ilə onlara tamaşa edəcəyik. Sizə xoş seyrlər və gözləntilərinizin özünü doğrultması diləyi ilə...

Eləcə də oxuyun:

Teqlər:
AVRO-2020, 1/8 final, proqnoz, futbol