09:24 02 Avqust 2021
Bakı Olimpiya Stadionuna mənzərə, arxiv şəkli

Danimarka nağılı, yoxsa çexlərin intizamı: Bakıda keçiriləcək oyunda kim qalib gələcək?

© REUTERS / Maxim Shemetov
Avro 2020
Qısa URL
16 0 0

Futbol üzrə Danimarka yığma komandası uğurun quyruğundan bərk tutaraq son iki oyunda səkkiz qol vurub, çexlər isə AVRO-2020-də ilk səs-küylü sensasiyaya imza atıblar.

BAKI, 29 iyun — Sputnik. İyulun 3-də Bakıda Danimarka və Çexiya milli komandaları arasında ¼ final oyunu keçiriləcək. Danimarkalılar 1/8 final oyununda Uels komandasını darmadağın edərək 4:0 hesablı qələbə qazanıblar. Çexlər isə sensasion şəkildə Niderland komandasını mübarizədən kənarlaşdıraraq rəqib qapısına iki cavabsız top vurublar.

Kopenhagendə baş verən dramatik hadisələr

Avropa çempionatının ilk günlərindən Danimarka millisi özünə diqqəti cəlb etməyi bacarıb və komandanın təkcə öz ölkəsində deyil, həmçinin ölkədən kənarda da böyük azarkeşlər ordusu meydana gəlib. Bütün bunlara səbəb isə görkəmli nailiyyətlər və qeyri-adi qollar deyil, komandanın iyunun 12-də AVRO-2020-də Finlandiya komandası ilə ilk oyunu zamanı baş verən dramatik hadisələrdir.

Oyunun 44-cü dəqiqəsində top yan xətdən oyuna daxil edilərkən 29 yaşlı yarımmüdafiəçi Kristian Eriksen rəqiblə heç bir təmas olmadan, topla hərəkət edərkən huşunu itirərək ot örtüyünə yıxılıb. Həmkarları və həkimlər oyunçuya ilk yardım göstərməyə çalışıblar. Həkimlər hətta süni tənəffüs vermə və ürəyin masaj edilməsinə də əl atmalı olublar. Bundan əlavə, daha ciddi reanimasiya vasitələri, o cümlədən defibrilyatordan da istifadə olunub.

Oyunun davamı qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Danimarka futbolçuları Erikseni hər tərəfdən əhatəyə alaraq onu tamaşaçılardan və kameralardan gizlədiblər. Eriksenin həyat yoldaşı tribunadan enib, lakin onu futbolçunun yanına buraxmayıblar – digər oyunçular onu sakitləşdirməyə çalışıblar. Nəticədə Erikseni huşa gətirmək mümkün olub, bundan sonra isə futbolçu təcili yardım maşınında xəstəxanaya çatdırılıb.

Finlandiyalılarla oyun davam etdirilib, lakin danimarkalılar şokdan özlərinə gələ bilməyərək 0:1 hesabı ilə məğlub olublar.

Həm öz əvəzlərinə, həm də həmin oğlanın əvəzinə

İlk oyunda baş vermiş bu cür dramatik hadisələrdən sonra danimarkalıların sadəcə olaraq pis oynamaq hüququ yox idi. Axı onlar təkcə özləri üçün deyil, həmin oğlanın əvəzinə də oynamalı idilər. Beləliklə, "B" qrupunun əsas favoriti olan və heyətində dünya miqyaslı futbol ulduzlarının çoxluq təşkil etdiyi Belçika millisi ilə oyun göstərdi ki, Danimarka yığması pley-off mərhələsinə çıxmaq üçün qətiyyətlə mübarizə aparacaq. Danimarkalılar oyunun ikinci dəqiqəsində qol vuraraq belçikalıları şoka saldılar. Lakin Belçika millisinin səviyyəcə daha güclü olması ona gətirib çıxarıb ki, o, oyunun gedişini dəyişə bilib və sonda 2:1 hesabı ilə qalib gəlib.

Bundan sonra Rusiya millisinə qarşı oyun keçirilib. Bu, hər iki komanda üçün həlledici oyun idi. Həm də Rusiya millisinə pley-off mərhələsinə çıxmaq üçün heç-heçə oynamaq da bəs edirdi, danimarkalılara isə yalnız qələbə lazım idi və onlar buna nail oldular. Həm də 4:1 hesabı ilə çox inamlı qələbə qazanıblar. Danimarkalılar bununla qane olmayaraq, növbəti mərhələdə Bakıya qayıtmaq barədə xəyallar quran Uels komandasına 1/8 final oyununda dörd cavabsız top vuraraq rəqibə heç bir şans saxlamayıblar.

Danimarka nağılı 30 il sonra

Yeri gəlmişkən, Danimarka millisi 1992-ci ildən indiyə qədər ilk dəfədir ki, Avropa birinciliyinin pley-off mərhələsində qol vurub. Həmin ildə danimarkalılar çempionata Yuqoslaviya komandası ilə bağlı siyasi səbəblər üzündən kənarlaşdırıldıqdan sonra turnirə bir neçə gün qalmış yarışmaya buraxılıb və gözlənilmədən birinciliyin qalibi olublar. Sonuncu dəfə danimarkalılar Avropa çempionatının ¼ finalına 2004-cü ildə çıxa biliblər və həmin vaxt çexlərə 0:3 hesabı ilə məğlub olublar.

Danimarkalıları hazırkı birincilikdə müşayiət edən uğuru və son iki oyunda səkkiz qol vurduqlarını nəzərə alaraq demək olar ki, onlar ¼ finalda dayanmaya da bilərlər. Tarix göstərir ki, Danimarka futbolu məhz dramatik vəziyyətlərdə açılışır. Cari birincilikdə danimarkalılar, elə təqribən otuz il bundan əvvəlki kimi kritik vəziyyətə düşüblər - əgər həmin vaxt onlar cəmi bir neçə gün ərzində Avropa çempionatına hazırlaşmalı olmuşdularsa, bu dəfə finlərlə elə ilk oyunda həlledici oyunçulardan birini itirərək şok yaşayıblar. Odur ki otuz il sonra Danimarka nağılı yenidən təkrar oluna bilər.

İlk sensasiyanın müəllifləri

Bakıda keçiriləcək dörddəbir final qarşılaşmasında danimarkalıların rəqibi Çexiya komandası olacaq. O komanda ki, AVRO-2020-də ilk sensasiyanı yaradıb. 1/8 finalda çexlər çoxları üçün gözlənilməz şəkildə turnirin favoritlərindən biri olan Niderland yığmasına iki cavabsız qol vuraraq rəqibi yarışmadan kənarlaşdırıblar.

"Zanbaqlar diyarı"nın komandası 1/8 oyununa aşkar favoriti olaraq başlayıblar. Belə ki, niderlandlılar qrup mərhələsində 3 qələbə qazanaraq inamla pley-off mərhələsinə çıxıblar. Onlar Ukrayna (3:2), Avstriya (2:0) və Şimali Makedoniya (3:0) komandalarını ar-arda məğlub ediblər. Hesab olunurdu ki, qitə birinciliyinin bütün favoritləri arasında niderlandlıların özlərini necə aparacığını əvvəlcədən demək qətiyyən mümkün deyil.

Öz növbəsində çexlər qrup mərhələsində o qədər də inamlı təsir bağışlamırdılar və pley-off mərhələsinə ancaq üçüncü yerdən vəsiqə qazana biliblər. "D" qrupunda onlar əvvəlcə qrupun autsayderi olan şotlandiyalıları məğlub edib (2:0), sonra xorvatlarla heç-heçə edərək (1:1), daha sonra ingilislərə məğlub olublar (0:1). Odur ki Niderland yığması ilə oyunda çexlər iki rəqib arasında aşkar zəif idilər. Əməldə isə onlar sərt pressinqlə niderlandlıları tamamilə neytrallaşdırmağa müvəffəq olublar.

Sözsüz ki, həmin oyunda 55-ci dəqiqə həlledici olub, rusiyalı hakim Sergey Karasyov əvvəlcə qəsdən əl ilə oynamağa görə Niderland yığmasının müdafiəçisi Matteys de Lixtə sarı vərəqə göstərib, daha sonra isə VAR-a müraciət etdikdən sonra onu ümumiyyətlə meydandan qovub. 68 və 80-ci dəqiqələrdə isə Tomaş Qoleş və Patrik Şik qol vuraraq Çexiya komandasına qələbə qazandırıblar.

Parlaq ulduzlar olmadan

Hətta Niderland komandasında oyunçu qovulmadan əvvəl də çexlər kifayət qədər inamlı təsir bağışlayır və "narıncılara" ayaq açmağa imkan vermirdilər. Heyətində dünya miqyaslı heç bir ulduz olmadan Çexiya millisi bir-birinə bağlı və intizamlı, məşqçilərin göstərişlərini dəqiq yerinə yetirməyə qadir olan komanda təsiri bağışlayır.

Yeri gəlmişkən, çexlər niderlandlılara qalib gəlmək üçün nə etmək lazım olduğunu gözəl bilirlər. Elə 2004-ci il Avropa birinciliyində də onlar Niderland yığmasını 3:2 hesabı ilə məğlub ediblər. Lakin o vaxt çexlərin heyətində Nedved, Baroş, Rasiski və bir çox digər ulduzlar parlayırdı. Amma, bugünkü Çexiya yığmasında da Qoleş, Şik kimi oyunçular 1/8 finalda oynadıqları kimi davam etsələr, onlar da Avropa miqyaslı ulduzlara çevrilə bilərlər. Bundan əlavə, niderlandlılarla son oyun göstərib ki, hazırkı Çexiya millisi rəqibinin nüfuzunu qətiyyən nəzərə almır və istənilən rəqibə qarşı cəsarətlə oynamağa qadirdir.

Danimarka və çexiya komandalarının iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmasında kimin favorit olacağını birmənalı olaraq yəqin ki, heç kim deyə bilməz.

Həm son iki oyunda uğurun quyruğundan bərk yapışmış danimarkalılar, həm də intizamlı çexlər eyni dərəcədə Bakıda qalib gəlməyə və yarımfinala çıxmağa qadirdirlər. Çox şey komandalardan hansının öz oyununu rəqibinə qəbul etdirə biləcəyindən asılı olacaq.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya Stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə iyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.