20:13 25 İyul 2021
AVRO-2020-nin kuboku

Bu gün yeni Avropa çempionu müəyyən olunacaq

© AFP 2021 / ALEXANDER NEMENOV
Avro 2020
Qısa URL
63730

Finala layiqli olaraq İtaliya və İngiltərə milli komandaları çıxıb və bu gün əfsanəvi "Uembli" stadionunda bu komandalar arasında keçiriləcək əyani qarşılaşmada kimin – Apennin təmsilçilərinin, yoxsa Dumanlı Albion sakinlərinin daha güclü olduğu məlum olacaq.

Hörmətli futbol həvəskarları, futbol döyüşlərini maraqla izləyərkən biz heç onaltıncı qitə birinciliyinin başlanmasından bir ayın necə necə gəlib keçdiyini də bilmədik. Lakin belə bir həqiqət var: hər şeyin başlanğıcı olduğu kimi, sonu da var.

Bizə çoxlu maraqlı oyunlar bəxş etmiş Avropa çempionatı başa çatır: cəmi bircə oyun, lakin qitə birinciliyinin ən əsas oyunu qalıb. Bu gün bizi sizinlə final qarşılaşması gözləyir ki, həmin oyunda da ən yaxşı komanda müəyyən olunacaq. Avropa futbolu yeni çempion qazanacaq və həmin komanda növbəti qitə birinciliyinə qədər bu titulu daşıyacaq.

Finala layiqli olaraq İtaliya və İngiltərə milli komandaları çıxıb və bu gün əfsanəvi "Uembli" stadionunda bu komandalar arasında keçiriləcək əyani qarşılaşmada kimin – Apennin təmsilçilərinin, yoxsa Dumanlı Albion sakinlərinin daha güclü olduğu məlum olacaq.

Mən onaltıncı Avropa çempionatına həsr olunmuş yazılarımda dəfələrlə bu yığmalar arasında oyun barədə yazmışam. Əgər italyanlar çempionatın əvvəlindən gözəl oyun nümayiş etdirirdilərsə, futbolun yaradıcıları ilk oyunlarda o qədər də inamlı oynamırdılar. Lakin baxımsız oyun nümayiş etdirmələrinə rəğmən britaniyalılar hər necəsə oyunlarda qalib gələrək finala doğru yolu davam etdirdilər.

İtalyanların və ingilislərin hazırda Avropada de-fakto ən güclü olduqlarını deyə bilmərəm: necə olsa da, heyrətamiz oyun göstərən, lakin 1/8 finalda həddən artıq arxayınlığı və İsveçrə millisinin fədakar oyunu nəticəsində turnirdən kənarda qalan Fransa millisini saymamaq olmaz. Fransa millisində demək olar ki bütün oyunçular yüksək səviyyəlidir və sözsüz ki, hazırkı birincilikdə uğursuzluğa rəğmən bu milli Avropanın ən güclü komandalarından biri olaraq qalacaq.

Amma de-yure ən güclü komanda bu günkü final qarşılaşmasında müəyyən olunacaq. Qeyd edim ki, rəqiblər bir-birinə layiqdir. Hər iki komandanın baş məşqçisi öz yetirmələri ilə effektiv və ən əsası məhsuldar iş aparıblar.

İtaliya millisinin oyununda uzun müddət böhran müşahidə olunurdu. Lakin Roberto Mançini komandaya rəhbərlik etməyə başladıqdan sonra hər şey yaxşıya doğru dəyişməyə başladı. Və indi artıq əminliklə demək olar ki, italyan futbolçuları əla oyun göstərir və yaxşı formadadırlar. Bu, sözsüz ki, komandanın baş məşqçisinin sayəsindədir: Mançini İtaliya millisinin komanda şəklində oyununu qurmağa nail olub. Apenninlilər bütün mövqelrədə daha baxımlı və etibarlı görünürlər. Mançini komandaya yeni oyunçular cəlb edib, onlara özünə inam və ən yüksək iddialar aşılayıb. İtalyanlar artıq qrup mərhələsində əla futbol nümayiş etdirirdilər və bir çox futbol ekspertlərinin qənaətinə görə, çempionatda ən əsas favoritlərdən biri idilər.

Donnarumma, Bonuççi, Kyellini, İmmobile, İnsinye, Kyeza, Verratti özlərini çox yaxşı göstərərək, hər biri öz mövqeyində Avropa futbolunun etalonuna çevriliblər.

İtaliya millisi turnirin başlanğıcından qələbə əzmindədir və şübhəsiz ki, final oyununda zəfər üçün əllərindən gələni edəcək.

İtaliya millisi uzaq 968-ci ildə, elə bu ölkədə keçirilən üçüncü qitə birinciliyində çempion olub. Bu uğurdan sonra italyanlar həmin titula bir daha layiq görülməyiblər. Düşünürəm ki, apenninlilər onaltıncı qitə birinciliyində nəhayət ki, həmin uğuru təkrar etmək niyyətindədirlər.

Lakin ingilislərin də İaliya millisi ilə barışmaz mübarizə aparmaq üçün stimulları çoxdur. Britaniyalılar nəinki heç vaxt Avropa çempionu olmayıblar, hətta qitə birinciliyinin finalına da çıxmayıblar. Odur ki, Qaret Sautgeytin rəhbərliyi altında İngiltərə millisi artıq komandanın yeni tarixini yazıb.

Şübhəsiz, futbolun yaradıcıları yalnız qələbə arzusundadırlar. Sonuncu dəfə ingilislər düz 55 il əvvəl gurultuu bir uğur qazanıblar: elə bu ölkədə keçirilən dünya çempionatının finalında komanda Almaniya Federativ Respublikası komandasına qalib gəlib. Həmin komanda dahi futbol məşqçisi Alf Ramseyin rəhbərlik etdiyi, əfsanəvi Qordon Benks, Bobbi Mur, Bobbi Çarlton, Cef Xerstin oynadığı milli idi.

1966-cı il Mundialından sonra ingilislər nə dünya, nə də Avropa çempionatlarında qalib olmayıblar. Bu, heç futbolun yaradıcılarına bir qədər yaraşmır da, elə deyilmi? Bax elə onlar özləri də bu cür düşünürdülər, lakin heç nə edə bilmirdilər. Digər ölkələrin komandaları turnirdən-turnirə ingilislərdən güclü olurdular, özü də britaniyalıları xeyli geridə qoymaqla. Və nəhayət, britaniyalılar onaltıncı Avropa birinciliyinin finalına yüksələ biliblərsə, əminəm ki, 1966-cı ildəki əfsanəvi komandaya tay olmağa çalışacaqlar.

Çoxları Qaret Sautgeyti böyük praqmatik adlandırır və düşünürəm ki, onlar haqlıdırlar. Yəqin ki, məhz onun göstərişi ilə, ingilislər qrup mərhələsinin oyunlarında güclərini açıb göstərmədilər, o qədər də parlaq olmayan, lakin məhsuldar oyun nümayiş etdirdilər. Lakin baş məşqçi həddən artıq praqmatikdir, danimarkalılarla yarımfinal oyununu yada salaq: Əlavə vaxtda ingilislər yalnız penaltidən sonra irəli çıxdılar, yorulub əldən düşmüş danimarkalılar isə onlara müqavimət göstərə bilmədilər.

İngilislər danimarkalılara daha bir neçə qol vura bilərdilər, lakin Sautgeyt əvəzetmə edərək mərkəzi və müdafiəni gücləndirdi. Bundan əlavə oyunçularına topu daha çox özündə saxlamaq barədə göstəriş verdi. Skandinaviyalılar tamam gücdən düşdülərinə görə vəziyyətdən istifadə edə bilmədilər və əgər finalda da belə bir hal olsa, çübhəssiz ki, italyanlar bundan istifadə edəcəklər.

Finalın hər iki iştirakçısının gücü demək olar ki eynidir. Lakin ingilislərin heyətində Raxim Sterlinq və Harri Keyn var. Bunlar super oyunçulardır və hətta təkbaşına da oyunun nəticəsinə təsir edə bilərlər, qalsın ki duetdə olarkən.

Etiraf edim ki, əziz futbol həvəskaları, mın İtaliya millisinə azarkeşlik edirəm. Bu komanda ilə mənim uşaqlıq, gənclik xatirələrim bağlıdır. Yetkin yaşlarda da bu komandaya rəğbətlə yanaşmışam.

Əlbəttə ki, mən Apennin təmsilçilərinə qələbə arzulayıram. Lakin buna baxmayaraq, zənnimcə ingilislərin qələbə şansı daha çoxdur: oyun "Uembli"də, 1966-cı ildə əfsanəvi yığmanın kapitanı Bobbi Murun "Qızıl ilahə"ni (Jül Rim kuboku) başı üzərinə qaldırdığı stadionda keçiriləcək. Heç düşünürsünüzmü, bu komanda üçün necə böyük stimuldur? Əlbəttə ki, Sterlinq və Keyn kimi oyunçular amili də var. Onlar gözəl formadadırlar və son qarşılaşmalarda heyrətamiz oyun göstərirlər.

Amma, gözləməyə az vaxt qalıb. Bu gün axşam biz qitənin ən güclü komandasının müəyyən olunacağı final qarşılaşmasının şahidi olacağıq. Çox ümid edirəm ki, həddən artıq gərginliyə baxmayaraq, hər iki komandanın oyunçuları gözəl və baxımlı oyun göstərəcəklər.